Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları və palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirlərini həyata keçirir. Eyni zamanda, ölkəyə xam şəkildə idxal olunan palma yağlarının növbəti istehsal və emal mərhələlərində də nəzarətin təmin edilməsi məqsədilə yerli müəssisələrdə dövlət nəzarəti tədbirlərini icra edir.
Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Növbəti belə nəzarət tədbiri "Alda" MMC-nin istehsal müəssisəsində keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib.
Həmçinin həmin məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən olunub.
Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.