RU

Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!..

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağdam, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı yazdığı “Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” sərlövhəli məqaləsini təqdim edirik.

Dil hər bir xalqın varlığının təzahürüdür. Hər bir dili, ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq, böyük siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində yox, sözün həqiqi mənasında, gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, respublikamıza rəhbərliyinin hər iki dövründə, həm də Azərbaycan dilinin keşiyində dayandı.

Azərbaycan dili Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ən güclü istiqamətlərindən biri idi. “Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil” deyən Ulu Öndər bununla xalqın ünsiyyət birliyini formalaşdırırdı. Bu birliyin təməli isə onun respublikaya rəhbərliyinin birinci dövründə qoyulmuşdu. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edən Heydər Əliyev hər kəsin diqqətini ana dilinə yönəltdi. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açdı.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında milli dilin dövlət dili kimi qəbul edilməsi də həmin dövr üçün olduqca böyük əhəmiyyətli siyasi hadisə idi. Bu, əsl cəsarət nümunəsi idi. Məhz Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində ovaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən 73-cü maddə daxil edildi.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ən qiymətlisi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində də çox mühüm addımlar atdı. Heydər Əliyev deyirdi: “Bizim üçün tarixi bir amil var – Azərbaycançılıq. Bizim dilimiz Azərbaycan dilidir. Özümüzün adımız var – Azərbaycan, özümüzün dilimiz var – Azərbaycan dili. Azərbaycan dili mənim üçün hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə ölkəmizə rəhbərliyə gələndən sonra Azərbaycan dilinə qayğı daha sistemli xarakter aldı. 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə Azərbaycan dili artıq müstəqil Azərbaycanın rəsmi dövlət dili oldu.

2001-ci ildə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nü təsis edildi. Ölkəmizdə Kiril qrafikasından latın qrafikasına keçildi. 2002-ci ildə “Dövlət dili haqqında” Qanun qəbul olundu.

Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna daim sadiq qalan Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də məhz Azərbaycan və dünya klassiklərinin əsərlərinin Azərbaycan dilində, latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqında Sərəncam oldu. Prezident İlham Əliyevin dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə bəslədiyi böyük hörmət və ehtiram indi də özünü qabarıq şəkildə göstərir. Dövlət başçısının Fərmanı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması məhz bu münasibətin nəticəsidir.

“Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”. Bu fikirləri Prezident İlham Əliyev 2015-ci ildə AMEA-nın 70 illik yubileyində səsləndirmişdi. Dövlətimizin başçısı keçən il AMEA-nın 80 illik yubileyində də “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, - deyə cəmiyyətə Azərbaycan dili ilə bağlı çox mühüm mesajlar verdi. Bu mesajlar hər birimizi səfərbər etməlidir.

Azərbaycan dilinin inkişafını yalnız öz sərhədlərimizlə məhdudlaşdırmamalıyıq. Nəzərə almalıyıq ki, doğma dilimizdə dünyada milyonlarla soydaşımız danışır. Azərbaycan dövləti onları da unutmur. Prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimiz üçün Azərbaycan dilində onlayn dərslərin təşkili ilə bağlı təşəbbüslə çıxış edib.

Azərbaycan xalqı 30 illik məhrumiyyətdən sonra böyük arzusuna qovuşub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi qəhrəman Azərbaycan Ordusu təkcə torpağı yox, həm də xalqın mənəvi dünyasını işğaldan azad edib. Uzun ayrılıqdan sonra bu gün müqəddəs Qarabağda Azərbaycan nəfəsi duyulur. Mədəniyyət paytaxtımız Şuşa Azərbaycan ədəbi fikrinin, ədəbiyyatının parlaq mirası kimi yenidən dirçəlir. O, yenə müasir və müstəqil Azərbaycanın söz-sənət ocağına çevrilir. Məhz belə bir məqamda dilimizi qloballaşan dünyanın yad təsirlərinə qurban vermək olmaz. Qoy, xalqımızın ən böyük milli sərvəti olan dilimiz yad dillərin əsarətinə düşməsin, o bizim gələcəyimizin dili olsun!..

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
azertag.az

1Источники