RU

Təranə İsmayıl: Dilçilər və müəllimlər ictimai şüuru gücləndirməlidirlər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 fevral, Fidan Əlizadə, AZƏRTAC


Ana dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın mədəni kodu, tarixi yaddaşı və milli özünütanıma sisteminin əsas daşıyıcısıdır. Dilin inkişafı və qorunması yalnız leksik və qrammatik məsələlərdən ibarət deyil. Bu, milli varlığın, mədəni suverenliyin və ictimai düşüncənin formalaşması ilə bağlı strateji prosesdir.


Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl deyib.

O vurğulayıb ki, son illərdə mediada və gündəlik ünsiyyətdə dilimizə xarici sözlərin tədricən, addım-addım daxil olması məsələsi diqqət mərkəzindədir.

“Alınma sözlərin bir qismi real terminoloji ehtiyacdan doğur - “internet”, “platforma”, “innovasiya” kimi anlayışlar qlobal elmi-texnoloji mühitin tələbi ilə dilə daxil olur. Lakin “location” əvəzinə məkan, “content” əvəzinə məzmun, “deadline” əvəzinə son tarix kimi sözlərin dəb və imitasiya motivi ilə işlədilməsi dilin daxili resurslarını zəiflədir və uzun müddətdə normativ stabilliyi sarsıda bilər. Ana dilinin qorunması qadağa ilə yox, idarə olunan inkişafla mümkündür. Bu istiqamətdə əsas addımlardan biri terminoloji yaradıcılıqdır. Yeni anlayışlara ana dilində qarşılıqlar yaradılmalı və normativ istifadəyə gətirilməlidir.

Digəri təhsil və maarifləndirmə hesab olunur. Məktəb və universitet səviyyəsində dilə sevgi və məsuliyyət aşılanmalı, dilin ictimai funksiyaları öyrədilməlidir. Media məsuliyyəti də önəmlidir. Mediada dil normativliyinə diqqət artırılmalı, xarici sözlərin ölçüsüz istifadəsinin qarşısı alınmalıdır. Ən önəmli məqamlardan biri isə, ziyalıların roludur. Dilçilər və müəllimlər yalnız tənqid etməyib alternativlər təklif etməli, ictimai şüuru gücləndirməlidirlər. Gənc nəsil üçün mesaj açıqdır: Ana dilinizi sevin, düzgün danışın, yazın və gələcəkdə milli varlığımızı qorumaqda fəal olun! Çünki sabahın güclü cəmiyyəti bu gün dilinə sahib çıxanların şəxsində qurulacaq”, - deyə T.İsmayıl əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники