RU

Pezeşkian: Cenevrə danışıqlarından sonra ABŞ  İrana ümidverici siqnallar göndərib...

Tehranın sözlərinə görə, nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün praktiki təkliflər müzakirə olunub, lakin Vaşinqton tam dayandırma tələb edir...

Poliqon xəbər verir ki, Bu barədə  İran prezidenti Məsud Pezeşkian sosial şəbəkə hesabında paylaşım edib. İran prezidenti bildirib ki, İran və ABŞ arasında Cenevrədə keçirilən dolayı təmaslar zamanı tərəflər nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər mübadiləsi aparıblar və proses müəyyən “ümidverici siqnallar” verib.

Pezeşkian vurğulayıb ki, İran Yaxın Şərqdə sülh və sabitliyə sadiq qalır.

“Son danışıqlar praktiki təkliflərin mübadiləsini əhatə etdi və ümidverici siqnallar verdi”, deyə o qeyd edib.

Eyni zamanda İran prezidenti bildirib ki, rəsmi Tehran ABŞ-nin addımlarını diqqətlə izləyir və mümkün bütün ssenarilərə hazır olmaq üçün zəruri tədbirlər görüb. Onun sözlərinə görə, İran öz maraqlarını və təhlükəsizliyini qorumaq niyyətindədir.

Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin üçüncü tərəfə, məsələn Rusiyaya göndərilməsini təklif edib. Məqsəd Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaqdır.

Məlumata görə, İran tərəfi zənginləşdirmə prosesini üç ilədək müddətə dayandırmağa hazır olduğunu da bildirib. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası proqramın tam şəkildə dayandırılmasında israr edir. Bu isə tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını göstərir.

Analitiklərin fikrincə, Cenevrə təmasları tərəflər arasında birbaşa dialoqa zəmin yarada bilər, lakin yekun razılaşma üçün həm siyasi iradə, həm də qarşılıqlı güzəştlər tələb olunur.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники