RU

Əlibəyli: Prezident Əliyevin mühafizəçilərinin ABŞ dakı hərəkətləri qanuni və əsaslıdır

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

19 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə ABŞ-a səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribat xarakterli hərəkətlər edib. Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçıların mühafizə olunan zonaya zorla daxil olmağa cəhd göstərdiyi və dövlət başçısının avtomobilinə doğru yönəlik hərəkətlər etdiyi bildirilir.

“Reytinq” qəzeti xəbər verir ki, keçmiş partiya sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan prezidentinin qaldığı otelin yaxınlığında baş vermiş insidentlə bağlı sosial şəbəkələrdə yayılan bir neçə videoyazını izlədikdən sonra gəldiyi qənaəti açıqlayıb.

Onun sözlərinə görə, bəzi videolarda əvvəlcə prezidentin təhlükəsizlik xidməti əməkdaşlarının (mühafizəçilərin şüar səsləndirən və foto çəkən aksiyaçılara müdaxilə etmədən) prezidentin keçəcəyi yolu və təhlükəsizlik zonasını nəzarətdə saxladıqları görünür. Yalnız bir nəfərin qəfil şəkildə prezidentin hərəkət marşrutuna doğru qaçmasından sonra mühafizəçilər hərəkətə keçib və həmin şəxsin təhlükəsizlik zonasına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq ediblər. Daha sonra isə şüar səsləndirərək və foto çəkərək prezidentin keçəcəyi yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçı fiziki güc tətbiq edilmədən təhlükəsiz məsafəyə uzaqlaşdırılıb. Bu zaman ədəbsiz ifadə və söyüşlər eşidilir.

Digər videolarda isə prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güc tətbiq olunması, eləcə də şüar səsləndirərək girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması əksini tapıb. Ardınca aksiyanın məqsədi barədə təşkilatçılardan birinin və barəsində fiziki güc tətbiq edilmiş şəxsin açıqlamaları təqdim olunub. Q. Əlibəylinin fikrincə, həmin videolarda montaj əlamətləri açıq şəkildə sezilir.

Hüquqşünas qeyd edib ki, hər kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar səsləndirmək, o cümlədən prezidentin eşidə biləcəyi formada tələblər irəli sürmək hüququ var və bu, şübhə doğurmur. “Lakin insan hüquq və azadlıqları qeyri-məhdud deyil, digər şəxslərin hüquq və azadlıqları ilə məhdudlaşır. Başqasının hüququnun başladığı yerdə sənin hüququn bitir. Buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada - sərt və ya nisbətən mülayim şəkildə - tənzimlənir. Bu, insan hüquqları nəzəriyyəsinin aksiomasıdır.

Hər bir insanın təhlükəsiz yaşamaq və mümkün təhdidlərdən qorunmaq hüququ var. Prezident dövlət başçısı və dövlətin rəmzi olduğu üçün harada olmasından asılı olmayaraq xüsusi qaydada mühafizə olunur. Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə şamil edilir. Ona görə də prezidentin keçəcəyi marşrutlarda və yerləşdiyi məkanlarda ciddi təhlükəsizlik tədbirləri görülür”, - deyə o bildirib.

Q. Əlibəyli ABŞ prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilyam MakKinli və Con Kennedinin, eləcə də İsveçin baş naziri Ulof Palmenin və Hindistanın baş naziri İndira Qandinin qətlə yetirilməsini xatırladaraq əlavə edib ki, kütləvi tədbirlər və aksiyalar zamanı dövlət başçılarının təhlükəsizliyi daha da gücləndirilir. Onun sözlərinə görə, belə tədbirlərdə silahlı şəxslərin və ya terrorçuların dövlət rəhbərlərinə yaxınlaşmaq və sui-qəsd törətmək imkanları artır. “Bu baxımdan prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik zonalarının yaradılması və həmin zonaya zorla daxil olmaq istəyən şəxslərə qarşı qanuni fiziki güc tətbiq edilməsi tamamilə təbii və hüquqauyğundur”, - deyə o vurğulayıb.

Vaşinqtondakı insidentlə bağlı montaja məruz qalmamış videoya istinad edən hüquqşünas bildirib ki, Azərbaycan prezidentinin mühafizəçiləri şüar səsləndirən və foto çəkən aksiyaçılara müdaxilə etmədən onların təhlükəsizlik zonasına yaxınlaşmasına imkan verməyiblər. Yalnız aksiyaçıların arasında əvvəl görünməyən bir şəxsin qəfil qaçaraq təhlükəsizlik zonasına daxil olmağa cəhd etməsi fiziki güc tətbiqi üçün əsas yaradıb və həmin şəxsin hərəkəti dayandırıldıqdan sonra o, sərbəst buraxılıb. Eyni zamanda digər aksiyaçıların təhlükəsizlik zonasına yaxınlaşmaq cəhdlərinin qarşısı fiziki güc tətbiq edilmədən alınıb və onlar ərazidən uzaqlaşdırılıblar.

Q. Əlibəylinin sözlərinə görə, mühafizəçilər yalnız özlərinə həvalə olunmuş təhlükəsizlik zonası çərçivəsində hərəkət ediblər və həmin zonadan kənara çıxmayıblar. Təhlükəsizlik zonasına daxil olmaq niyyətindən imtina edən və mühafizəçilərin yaxınlaşdığını görərək geri çəkilən şəxslərə qarşı isə fiziki güc tətbiq olunmayıb.

Hüquqşünas vurğulayıb ki, fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən və istənilən vasitə ilə prezidentin təhlükəsizlik zonasına daxil olmağa çalışan şəxslərə qarşı tətbiq edilir və bu, qanuni və əsaslıdır. “Bütün bunlar göstərir ki, prezidentin təhlükəsizlik xidməti əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkar şəkildə hərəkət ediblər”, - deyə o bildirib.

Q. Əlibəyli həmçinin iddia edib ki, Münxen Təhlükəsizlik Konfransında və ardınca Vaşinqtonda baş verən hadisələrin bir mərkəzdən idarə olunduğu təəssüratı yaranır. Onun sözlərinə görə, Vaşinqton insidentinə ilk dəstəyin Amerika ermənilərinin təşkilatı ANKA-dan və konqresmen Frenk Pallonedən gəlməsi təsadüfi hesab edilə bilməz.

Sonda hüquqşünas bir müddət əvvəl yayılan məlumata da diqqət çəkib. Həmin məlumata görə, silahlı şəxs prezident Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa cəhd göstərərkən ABŞ Məxfi Xidməti tərəfindən zərərsizləşdirilərək öldürülüb. Qeyd edək ki, bu xidmət ABŞ prezidentinin, onun ailə üzvlərinin və prezident iqamətgahlarının mühafizəsini həyata keçirir.

N. ORUCOV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
reyting.az

1Источники