RU

Bahalıq və sağlam qidalanma: Uzunömürlülük artıq hər kəs üçün əlçatandırmı?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlərdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Xüsusilə ət, balıq, qoz-fındıq, keyfiyyətli süd məhsulları və hətta bəzi tərəvəzlərin bahalaşması sağlam qidalanmanı bir çox ailə üçün əlçatmaz edib. Nəzəri olaraq “balanslı qidalanma” tövsiyə olunsa da, praktikada insanlar artan qiymətlər səbəbindən seçim etmək məcburiyyətində qalırlar.

Uzunömürlülük üzrə araşdırmaları ilə tanınan Dan Buettner dünyanın “Blue Zones” adlandırılan bölgələrində insanların qidalanma modelini araşdırıb. Bu bölgələrə Okinawa, Sardinia, Nicoya, Ikaria və Loma Linda daxildir. Onun sözlərinə görə, bu ərazilərdə yaşayan yüzilliklər ət istehlak edirlər, lakin çox az miqdarda həftədə bir və ya iki dəfə. Əsas qidaları isə tərəvəz, paxlalılar və təbii məhsullardır. Lakin burada mühüm bir məqam var. Həmin bölgələrdə insanlar əsasən yerli, mövsümi və öz istehsalları olan məhsullarla qidalanırlar. Bu isə qiymət baxımından daha əlverişli olur. Müasir şəhər həyatında isə vəziyyət fərqlidir. Sağlam hesab edilən məhsullar zeytun yağı, balıq, qoz-fındıq, təbii ət və süd məhsulları çox vaxt yüksək qiymətə satılır. Aşağı gəlirli ailələr isə daha ucuz, lakin qida dəyəri zəif olan məhsullara üstünlük verməyə məcbur qalırlar.

Ətin bahalaşması xüsusilə diqqət çəkir. Artıq bir çox ailə ət alarkən miqdarı azaltmağa, bəzən isə tamamilə imtina etməyə başlayıb. Eyni zamanda tərəvəz və meyvələrin də qiyməti artdığı üçün balanslı menyu qurmaq çətinləşir. Nəticədə insanlar daha çox karbohidrat əsaslı, ucuz və doyumlu qidalara yönəlirlər ki, bu da uzunmüddətli perspektivdə sağlamlıq problemlərinə yol aça bilər.

Məsələ təkcə fərdi seçim deyil, sosial-iqtisadi problemdir. Sağlam qidalanma tövsiyələri real gəlir səviyyəsi ilə uyğun gəlmədikdə, bu, cəmiyyətdə sağlamlıq bərabərsizliyini artırır. Yüksək gəlirli ailələr daha keyfiyyətli və müxtəlif qidalar ala bildiyi halda, aztəminatlı ailələr məhdud seçim qarşısında qalır.

Uzunömürlülük modelləri nəzəri olaraq sadə görünsə də, müasir iqtisadi reallıqda sağlam qidalanma getdikcə bahalaşır. İnsanlar istəsələr belə, hər zaman tövsiyə olunan məhsulları ala bilmirlər. Bu isə göstərir ki, sağlam həyat tərzi yalnız fərdi məsuliyyət deyil, həm də iqtisadi sabitlik və əlçatan ərzaq siyasəti ilə birbaşa bağlıdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
bizimyol.info

1Источники