RU

Şirkətin pullarını mənimsəyən əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Sabunçu Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emil Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilib və Emil Fərəcov həmin maddə ilə cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından azad olunub.
 

İttihama əsasən, Emil Fərəcov ərzaq və ət məhsullarının topdan satışı ilə məşğul olan MMC-lərdən birinin 01 sentyabr 2023-cü il tarixdən 27 mart 2024-cü il tarixədək Satış şöbəsində ticarət nümayəndəsi vəzifəsində işləyib.


Təqsirləndirilən şəxs ilə cəmiyyət arasında 01 sentyabr 2023-cü il tarixdə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanıb. Həmin müqavilələrə əsasən o, maddi məsul şəxs kimi ona etibar edilmiş malları qəbul etmək, satmaq, vaxtında müştərilərə çatdırmaq, satışdan əldə olunan vəsaiti toplamaq və cəmiyyətin xəzinəsinə təhvil vermək, maddi sərvətlərin və pul vəsaitlərinin düzgün uçotunu aparmaq və hesabat təqdim etmək öhdəliyi daşıyıb.


İttihamda göstərilib ki, Emil Fərəcov öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş əmlakı vahid niyyətlə davamlı olaraq mənimsəmək məqsədilə 04 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək MMC-nin ünvanında yerləşən anbarından malların təhvil-qəbul aktı əsasında ümumilikdə 18 092,10 manat dəyərində ət məhsullarını maddi məsuliyyətinə götürüb. Həmin məhsullar onun sifarişi əsasında daşıyıcılar tərəfindən Gəncə şəhəri, Goranboy və Göygöl rayonları ərazisində yerləşən müxtəlif ticarət obyektlərinə satış məqsədilə çatdırılıb.


Araşdırma zamanı müəyyən edilib ki, 91,07 manat dəyərində məhsul tələbata cavab vermədiyi üçün anbara qaytarılıb, 13 969,41 manat dəyərində mal qalığı isə digər ticarət nümayəndəsinə təhvil verilib. Satılmış ət məhsullarından əldə olunan ümumilikdə 4 031,61 manat pul vəsaiti təqsirləndirilən şəxs tərəfindən nağd qaydada toplanıb. Həmin məbləğin 652,99 manatı cəmiyyətin kassasına ödənilsə də, qalan 3 378,62 manat vəsait cəmiyyətin xəzinəsinə təhvil verilməyərək şəxsi ehtiyaclara xərclənib.


Beləliklə, istintaq orqanının qənaətinə görə, Emil Fərəcov ona etibar olunmuş və MMC-yə məxsus 3 378,62 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək qəsdən talayıb və bununla da CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.


Məhkəmə iclasında Emil Fərəcov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli etiraf etdiyini, həmin dövrdə maddi sıxıntılar yaşadığı üçün bu addımı atdığını deyib. Təqsirləndirilən şəxs təhvil-təslim aktı ilə müəyyən edilmiş 3 378,62 manat çatışmazlıqla razılaşdığını, hazırda zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, MMC ilə barışıq əldə etdiyini və cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində vəsaiti dövlət büdcəsinə ödədiyini qeyd edib. O, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.


Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ifadəsində bildirib ki, Emil Fərəcov 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayınadək cəmiyyətdə ət və ət məhsulları departamentinin Gəncə bölgəsi üzrə ticarət nümayəndəsi vəzifəsində çalışıb. Onun sözlərinə görə, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələb yoxdur. Bu barədə MMC-nin direktoru tərəfindən verilmiş ərizə də məhkəməyə təqdim edilib.


Kamal Məmmədov 

Tarix: 24 Fevral 2026, 08:37   
Избранный
20
pravda.az

1Источники