RU

Azərbaycan futbolunun əfsanəsi

Anatoli Banişevski – 80

Həmişə qürur hissi ilə demişəm və indi də fərəhlə bildirirəm ki, jurnalist taleyimlə güvən duyğusu keçirirəm. Çünki başqa peşə sahibi olsaydım, bəlkə də indiyədək qarşılaşdığım və varlıqları ilə fərəhləndiyim xeyli dostumun obrazlarını hələ də qəlbimdə əziz xatirə tək qoruyub saxlamazdım. Hərdən onları ayrı-ayrılıqda xatırlayır, hətta xəyalımın ekranında onları görüb söhbətləşir, sevinir, kədərlənir, həm də dərin düşüncələrə də qatılıram. Bəzilərinin taleyini birər-birər vərəqləyib o çağların bir daha canlı şahidinə çevrilirəm. Çox duyğulu məqamlarla çulğalanıram. Fikirləşirəm ki, görən, niyə insanların bir çoxu layiq olmadıqları əzab-əziyyətlərə qatlaşırlar. Niyə bir nadanın hökmü, istəyi ilə onlar əzab-əziyyətlərə qatlaşmağa məcbur edilirlər. Nə üçün xalqına, məmləkətinə böyük xidmətləri müqabilində layiq olmadıqları hallarla qarşılaşırlar.

Eh, bu “niyələr” saysız-hesabsızdır. Heç dürüst cavablar da verən tapılmır. Gərək belə də özün-özünü əməlli-başlı dərk edəsən, baş vermiş hadisələrin dərinliyinə varasan, müsibətə düçar olmuşlarla xəyali söhbət aparasan, lap yeri gələndə özünü onun yerində hiss edəsən.

Azərbaycanımızın ünlü futbolçularından biri, bəlkə də birincisi, uzun illər halal duz-çörək kəsdiyimiz, xalqın qəlbində özünəməxsus obrazı ilə əbədiyaşar haqq qazanmış Anatoli Boris oğlu Banişevski məhz belə bir şəxsiyyəti, dürüst varlığı ilə qəlbimin dərin və çox möhtərəm bir guşəsində özünəməxsus yer tutur.

Artıq ahıl yaşındayam. İş fəaliyyətimlə bağlı dünyanın bir çox ölkəsində olmuşam. Yaradıcı sənət baxımından çox dəyərli eloğlumuzun adını müxtəlif dillərdə xatırlayan adamlarla görüşüb söhbət aparanda qürur hissi keçirmişəm. Fəqət idman dünyasının, xüsusən futbol aləminin nümayəndələrinin dilində Ələkbər Məmmədov, o cümlədən Anatoli Banişevskinin adlarını dilə gətirəndə az qalırdım sevincimdən qanad açıb pərvazlanım.

Oxuculara bildirirəm ki, bu sətirləri vərəqlərə köçürərkən Azərbaycanın ən populyar futbolçularından biri olmuş Anatoli Banişevskidən qısaca da olsa danışmaq fikrindəyəm. Axı, bu günlərdə onun 80 yaşı tamamlanır.

Sankt-Peterburqda yaşayan həmyerlilərimizin istəyi ilə hazırda Anatoli Banişevskinin ömür yolu, xüsusən futbol həyatı ilə bağlı kitab vərəqində yaradıcılıq işini davam etdirirəm. Təqvim vərəqlərindən bildim ki, hazırda bu böyük futbol ustasının 80 yaşı tamam olur. Odur ki, “Xalq qəzeti”nin baş redaktoru, yaxın dostum Əflatun Amaşovun razılığı ilə bu yubiley qeydlərimi qələmə aldım.

Bəri başdan deyim ki, bir sıra futbolçular çox halda böyük ustalıqlarının və istedadının qurbanına çevriliblər. Səbəb isə məhz istedadlı olmalarıdır.

Gərgin futbol həvəskarları əla bilirlər ki, sovetlər zamanında Moskvanın əlahəzrət futbol aləminin başları milli respublikaların, əyalətlərin gözə çarpan güclü dəri top ustalarını nə olursa-olsun paytaxt klublarına zorla da olsa gətirmək üçün müxtəlif hiylələrə, əyri-üyrü yollara əl atırdılar. Məsələ xoşluqla həllini tapmayanda zorla, qanundankənar üsullarla işi “qaydaya salmağa” “çalışırdılar”. Ötən əsrin 50-60-cı illərində o zaman SSRİ çempionatının “B” qrupunda iştirak edən “Neftçi”nin birdən-birə iki futbolçusunu – Ələkbər Məmmədovu və Yuri Kuznetsovu Moskva “Dinamo”suna çəkib apardılar. Azərbaycan azarkeşləri onunla təsəlli tapırlar ki, hər iki futbolçu o zamankı SSRİ çempionatının “B” klubunda çıxış edən bir komandanın üzvləridirlər. Bu, haradasa xoş bir məram idi. Fəqət güclülər dəstəsinin üzvü olan bir klub futbolçunun zor gücünə, heç bir etik normaya riayət etmədən məngirləyib paytaxtda yerləşdirmək nə demək idi?! Haqqında söhbət açmaq istədiyim Anatoli Banişevskiyə münasibətdə Moskva məhz belə bir cahillik yolunu tutmuşdu. “Xoşluqla paytaxt klubuna keçməsən, başına oyun açacağıq. Açdılar da!..”

Öncə onu “əsgəri xidmətə çağırmaq” adı ilə fəal hərəkətə keçirdilər. O zaman “Neftçi”yə himayədarlıq Azərbaycan KP MK katibi Ə.Əmirova həvalə olunmuşdu. Sağ olsun, o da Moskvanın etikadankənar “əliuzunluğunun” – Anatoli Banişevskinin paytaxta köçürülməsi üçün canfəşanlığının qarşısını alır. Nəhayət, niyyətlər boşa çıxdıqda paytaxt dəllalları şantaja əl atdılar. “Neftçi”nin OİK-lə (Rostov) matçında “xuliqanlıq” hərəkətlərinə yol verdiklərinə görə “Neftçi” oyunçularının bir neçəsini ciddi cəzalandırıldılar. Bunların sırasında komandanın ən güclü oyunçuları Anatoli Banişevski, Vyaçeslav Sonuqlarov və başqaları yarışdan kənarlaşdırıldılar.

Mən “Neftçi”nin o zamankı oyunçularını yaxşı tanıyırdım. Hər birini xarakterizə edə bilərəm. Cəsarətlə deyirəm ki, Anatoli Banişevski zatən ən intizamlı, təvazökar, tərbiyəli, sakit, rəqib oyunçuya hörmət və ehtiramla yanaşmağı bacaran əsl idmançı idi. Haqqında danışmaq istədiyimiz bir neçə futbolçunu cəzalandırma məqamında A.Banişevskinin də adının hallanması təsadüfi deyildi. Elə əslinə qalsa, Moskva onun istəyinə qarşı çıxan Anatolinin özünü məhz belə ağır cəzaya məruz qoymaqla gənc futbolçuya başa salmaq istəyirdi ki, bizimlə “siçan-pişik oyunu” oynama, başını aşağı sal, köç Moskvaya...”

Tolik isə çox prinsipial mövqeyindən geri çəkilmədi: “Bakı mənim doğma şəhərimdir. Digər bir yaşayış məskəninin köməyini heç ağlıma gətirmirəm”.

Hə, demək belə! Məşhur cizgi filmində olduğu kimi, hədə-qorxuya keçdilər: “Nu, poqodi, Banişevski!..” Bəli, hərəkət başlandı. Onu və bir neçə futbolçunu açıq-aşkar şərləyib “Neftçi”dən kənarlaşdırdılar.

Elə bu məqamda Moskvada idim. Bu şəhərin baş ortopedi, professor Aydın İmaməliyevlə yaxın dost idim. Bilirdim ki, “Neftçi”nin azarkeşidir. Dərhal ona zəng vurdum. Xahiş etdim ki, öyrənə bilsə, qoy nə baş verdiyini lazımi yerdən öyrənsin. O, axşamüstü mənimlə görüşdü və heç nə gizlətmədən bildirdi ki, “Banişevski köçürülsün Moskvaya, vəssalam”.

Alınmadı və bizim qeyrətli həmşəhərlimiz Anatoli Banişevski birdəfəlik məsələdən vaz keçdi. Və çox ağır, dözülməz idman həyatı onun ömür yoluna qəddarcasına bir sipər oldu.

Bəli, mən rəhmətlik Tolikin həyatının bu qara səhifələrini çevirirəm. Çünki danışdıqca, bu böyük futbolçunun həyatının necə zəhərlənməsi, fəaliyyətinə çəpər çəkilməsi, məqsədyönlü irəliləyişinə necə maneələr törədilməsi məsələlərini açıq-aydın uzatmayacağıq.

Yalnız onu bildirim ki, bu prinsipial insan öz əqidəsinə sadiq qalaraq vicdanlı yaşam tərzini mərdliklə davam etdirdi.

“Neftçi”də bir üzüntü hökm sürürdü. Komanda baş verənlərlə barışa bilmədi. Bu dəhşətli ovqatla da mövsümü başa vuran “Neftçi” xal toplaya bilmədiyindən güclülər dəstəsini tərk etdi.

Oxucu indi deyiləcək sözlərə diqqət kəsilsin. Baxın, Anatoli Banişevski şirnikləndirici vədləri qəbul etmədi və doğma klubunda qaldı. Bundan sonra mübarizlik keyfiyyətini itirən “Neftçi” güclülər dəstəsini tərk etdi. Bu halda da Banişevski klubdan ayrılmadı. Çox böyük əzmkarlıq və mübariz ruh yüksəkliyi ilə komandanın toparlanıb yenidən elitar liqada yer almasına varlığını əsirgəmədi və istəyinə nail oldu.

Allah sənə rəhmət eləsin, Tolik!..

Mən bir qəzet məqaləsində bu dahi futbol xadimi ilə bağlı xoş düşüncələrimin kiçik bir parçası ilə oxucuları tanış etdim. Sağlıq olsun, qismət olarsa özümə dost, qardaş sandığım Tolikin əziz ruhunu şadlandırmaq naminə kitabı mütləq yazıb başa çatdırmaq istəyindəyəm.

Məncə, bu dahi futbolçunun əziz ruhuna xoş bir xatirə olar.

Torpağın nurla dolsun, əziz qardaşım.

Fazil RƏHMANZADƏ

Избранный
15
1
xalqqazeti.az

2Источники