Xəyanətin və acizliyin Vaşinqton "şousu": Milli iradəyə qarşı rəzil ssenari
Əziz Ələkbərli Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri
Azərbaycanın müasir dövlətçilik tarixində elə məqamlar olur ki, orada sadəcə siyasi proseslər deyil, həm də milli xarakterlə xəyanətkar mahiyyət üz-üzə gəlir. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal sülhün və yeni təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrilməsi təkcə dostlarımızı sevindirmir, həm də düşmən düşərgəsindəki "qara yarasaları" hərəkətə gətirir.
19 fevral 2026-cı il tarixində Vaşinqtonda keçirilən Sülh Şurası dünya siyasəti üçün yeni bir səhifə açdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mötəbər tədbirdə mərkəzi fiqur kimi qəbul edilməsi, ABŞ Prezidenti Donald Trampın Azərbaycan liderinin strateji zəkasını və 30 illik münaqişəni bitirmək iradəsini yüksək qiymətləndirməsi, əslində ölkəmizin suveren gücünün qlobal təntənəsi idi. Lakin məhz bu möhtəşəm mənzərənin fonunda, Vaşinqton küçələrində mühafizə kordonuna qarşı "hücum" imitasiyası yaradan bir qrup muzdlu ünsürün ucuz şousu, acizliyin son çırpıntısı kimi yadda qaldı.
Bu gün "demokratiya" və "fəallıq" maskası altında gizlənərək öz dövlətinə, xalqına və Liderinə qarşı hürənlər anlamalıdırlar ki, onlar sadəcə qanlı rejissor pultu arxasında oturanların əlindəki kiçik və yararsız oyuncaqlardır. Bu təxribatların kökü təsadüfi deyil; bu, son iki yüz ildə xalqımıza qarşı yeridilən yırtıcı siyasətin, etnik təmizləmələrin və Azərbaycanı zəiflətmək istəyən dairələrin müasir, lakin cılızlaşmış təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin onilliklər əvvəl uzaqgörənliklə dediyi bir kəlam bu gün tam reallığa çevrilib: "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq". Lakin böyük şairimiz Səməd Vurğunun xəbərdarlıq etdiyi kimi, "Günəşdən gizlənən yarasalardır". Azərbaycan dünya miqyasında parladıqca, milli maraqlarımızı kənar diktələrə qurban verməyən müstəqil iradəmiz gücləndikcə, qara fikirli qüvvələr öz qaranlıq yuvalarına çəkilir, xəyanət planları üçün məqam gözləyirlər.
Vaşinqtonun mərkəzində baş verən o rəzil hərəkətlər məhz bu yarasa psixologiyasının nəticəsidir. Ağılları və əxlaqları yadelli güclərin əlində əsir olanlar, qabaqlarına qoyulan "yal" müqabilində öz vətəninə qarşı kampaniya aparırlar. Amma unudurlar ki, şairin dili ilə desək: "Ağılsız köpəklər ulduza hürər". Onların cılız çabaları nə dövlətimizin günəşini söndürə bilər, nə də Zəfər ulduzumuzu qaralda.
Tariximizə nəzər salsaq görərik ki, xəyanət heç vaxt cəzasız qalmayıb. Min il əvvəl də bənzər simalar, "beşinci kolon" təfəkkürlü ünsürlər var idi. Amma bizim qəhrəman Oğuz babalarımız xəyanətkarları qara əməllərinə görə qara çadıra göndərər, altına qara keçə döşəyərdilər. "Allah qarğayıb, biz dəxi qarğarız" deyərək, onları eldən-obadan qovardılar ki, başqalarına görk olsun.
Bu gün də xaricdəki "it damlarından" boylanıb təxribat törədənlərə, Azərbaycanın uca bayrağına və Prezidentimizin sarsılmaz iradəsinə kölgə salmağa çalışanlara qarşı cəmiyyətimizdə vahid bir nifrət var. Bu millət öz Günəşini də, Liderini də qorumağı bacarır. 2020-ci ilin 44 günlük Zəfəri və 2023-cü ilin suverenlik zəfəri bu ssenari müəlliflərinə verilən ən böyük dərs idi.
Azərbaycanın haqq səsi bu gün dünyanın ən mötəbər kürsülərindən eşidilir. Cənab Prezidentin rəhbərliyi ilə qurulan yeni dünya nizamı qarşısında bu cür təxribatlar sadəcə məğlubiyyətin və acizliyin etirafıdır. Bizim yolumuz bəllidir: Zəfər yolu, quruculuq yolu və Milli Birlik yolu.
Vətənə xəyanət edənlərin payına düşən isə ancaq o qara çadırın qara keçəsi və tarixin silinməz lənətidir. Günəş artıq doğub; yarasaların fəryadı isə ancaq öz qaranlıq yuvalarında əks-səda verəcəkdir.