RU

“Qərarı var, amma açıqlanmayıb” – Sabah AMEA-da Mehdiyev müzakirəyə çıxarılacaq

"Ola bilsin ki, İctimai Elmlər Bölməsinin qərarı var, amma ictimaiyyətə açıqlanmayıb. Həmin qərar Ramiz Mehdiyevin Akademiyadan xaric olunmasına əsas kimi götürülə bilər".

Bunu “Yeni Sabah”a keçmiş deputat Etibar Əliyev bildirib.

O, sabah AMEA Rəyasət Heyətinin iclasında gündəliyə daxil edilmiş Akademiyanın sabiq prezidenti Ramiz Mehdiyevin həqiqi üzvlüyündən xaric edilməsi ehtimalını şərh edib.

E. Əliyevin sözlərinə görə, qərar İctimai Elmlər Bölməsində müzakirə olunmalıdır:

“Milli Elmlər Akademiyasının rəhbərliyi sabahkı iclasın gündəliyini açıqlamayıb. Akademiyanın əsasnaməsinə görə, İctimai Elmlər Bölməsi toplaşaraq həqiqi üzvlüyün ləğvi barədə qərar qəbul etməlidir. Prosedur belədir.

Ancaq İctimai Elmlər Bölməsi ötən həftənin 5-ci günü toplantı keçirilib. Əgər bu məsələ həmin toplantıda müzakirəyə qoyulsaydı, şübhəsiz, ictimaiyyətə məlumat verilərdi.

Məsələn, vaxtilə Əli İnsanovdan akademik adının götürülməsi prosedurunda Biologiya Elmlər Bölməsinin qərarı qəbul edilmiş və iclasdan sonra o, mətbuatda çap olunmuşdu”.

E. Əliyev bildirib ki, Ramiz Mehdiyevin üzvlükdən xaric olunmasına kifayət qədər əsaslar mövcuddur:

“Milli Elmlər Akademiyasında iclas sabah keçiriləcək, amma onun gündəliyi ilə bağlı heç bir məlumat yoxdur. Yenə də mümkündür ki, İctimai Elmlər Bölməsi hətta bu gün iclasını keçirsin. Çünki Ramiz Mehdiyevinn akademiyanın üzvlüyündən xaric edilməsinə əsas verən kifayət qədər faktlar var və o, akademik adını daşımamalıdır.

Ancaq belə əsaslandırırlar ki, istintaq hələ davam edir. İstintaqın 4 aylıq müddəti bitib və növbəti 4 ay üçün uzadılıb. 4 aya qədərki istintaq təhqiqatları göstərdi ki, ilkin məlumatlar öz təsdiqini tapıb. Mehdiyevin hakimiyyəti zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətləri,  dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunurdu.  

Bu məsələdə 3 ittiham maddəsi var və burada xeyli müəmmalar mövcuddur.

Ola bilsin ki, İctimai Elmlər Bölməsinin qərarı var, amma ictimaiyyətə açıqlanmayıb. Həmin qərar Ramiz Mehdiyevin akademiyadan xaric olunmasına əsas kimi götürülə bilər. Qərarın açıqlanması gecikir. Lakin indi bu məsələnin vaxtıdır və akademiyanın ümumi yığıncağında Ramiz Mehdiyevin akademik adının götürülməsi məsələsi tam şəkildə müzakirə oluna bilər.

Hər halda gözləmək lazımdır. İctimai Elmlər Bölməsi qərarını qəbul etdikdə, məsələnin nəticəsi müəyyənləşəcək”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
18
yenisabah.az

1Источники