RU

"Kollektiv Qərb” prinsipial mövqe nümayiş etdirsəydi, nə Xocalı, nə də Buça baş verərdi - Deputat

Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə Xocalı soyqırımının 30-cu ildönümünə təsadüf edib. Xocalı soyqırımının törədilməsində 366-cı alayın iştirakı isə təsdiqlənmiş faktdır".

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev səsləndirib.

Deputat bildirib ki, Xocalı soyqırımı baş verən zaman özlərini “kollektiv Qərb” adlandıran qüvvələr prinsipial mövqe nümayiş etdirərək ədalətin və beynəlxalq hüququn yanında yer alsaydılar, bu gün Ukrayna xalqı mövcud reallıqla üz-üzə qalmazdı. Onun sözlərinə görə, vaxtında lazımi siyasi-hüquqi qiymət verilsəydi, Buçada Xocalıdakı kimi qırğınların təkrarlanması mümkün olmazdı.

Sahib Alıyev ümid etdiyini bildirib ki, Xocalı soyqırımını törədənlərdən sağ qalan şəxslər də Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin artıq barəsində hökm çıxarılmış təmsilçiləri kimi bir gün məsuliyyətə cəlb olunacaqlar. Onun fikrincə, Ermənistanın özü də bunda maraqlı olmalıdır.

Deputat qeyd edib ki, həbsdə olan şəxslərin azadlığa buraxılmasını istəyən qüvvələr mövcuddur və onların məqsədləri aydındır. O, xüsusilə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin bəyanatlarına diqqət çəkib və onun daha çox Ruben Vardanyanın adını hallandırmasını təsadüfi saymadığını vurğulayıb. Deputatın sözlərinə görə, Vardanyanın Qarabağa göndərilməsi və əvvəlki fəaliyyəti ilə bağlı cəmiyyətdə kifayət qədər suallar mövcuddur.

Çıxışında deputat Azərbaycana qarşı aparıldığını iddia etdiyi hibrid hücumlara da toxunub. O bildirib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlərə istinadla, koordinatları əvvəlcədən təqdim olunmasına baxmayaraq, Azərbaycanın Ukraynadakı obyektlərinə, o cümlədən diplomatik nümayəndəliklərinə zərbələr endirilməsi ciddi suallar doğurur.

Deputat vurğulayıb ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərib, generatorlar və yanacaq göndərərək dinc əhaliyə dəstək olub. Onun sözlərinə görə, bu addımlar silah-sursat yardımı ilə müqayisə oluna bilməz və rəsmi Bakı heç vaxt müharibə şəraitində başqa dövlətə gizli şəkildə silah göndərərək bunu fərqli ad altında təqdim etməyib.

Sahib Alıyev çıxışının sonunda sual edib ki, əgər Azərbaycana qarşı bu cür hibrid hücumlar davam edirsə və hətta Rusiya Dövlət Dumasının MDB ilə iş üzrə komitəsi sədrinin müavini də bu prosesdə iştirak edirsə, o zaman Azərbaycanın Müstəqil Dövlətlər Birliyində (MDB) üzvlüyünə münasibətinə yenidən baxılması zərurəti yaranmırmı?

Избранный
34
50
hafta.az

10Источники