RU

Arıqlama iynələri ilə bağlı qalmaqallı fikirlər Gerçəklər fərqli imiş

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Həkim-onkoloq Anar Məmmədov arıqlama iynələrinin riskləri barədə söz-söhbətlərin mif olduğunu bildirib.

Sitat: “Dietoloqlar deyir ki, o iynəni vursanız, xərçəng olacaqsınız. Lakin mən hətta onkoloji xəstə kökdürsə, onlara belə həmin iynəni vururam. Onkologiya ilə heç bir əlaqəsi yoxdur, dietoloqların dediyi yarı xiyar, yarı avakado ilə arıqlamaq daha çox risklidir, nəinki göbək iynələri ilə. Bu iynələr möcüzədir, molekul quruluşu simoqlutitdir, insulin dirəncini qırır və insanı arıqladır”.

Onkoloqun fikirləri nə dərəcədə gerçəkdir? Həqiqətən o iynələr zərərli deyil?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, arıqlama iynələri ilə bağlı yayılan fikirlər həm əsassız qorxuya, həm də həddindən artıq idealizasiyaya söykənir:

“Hər iki yanaşma tibbi baxımdan düzgün deyil. Hazırda istifadə olunan bu preparatlar əsasən GLP-1 analoqlarıdır və iştahanı azaldaraq, mədənin boşalmasını ləngidərək, insulin dirəncini zəiflədib çəki itkisinə kömək edir. Mövcud elmi araşdırmalar onların birbaşa xərçəng yaratdığını sübut etmir, lakin “tam risksiz” və ya “möcüzə” adlandırmaq da doğru deyil. Xüsusilə bəzi tiroid xəstəliklərində və nəzarətsiz, uzunmüddətli istifadədə risklər hələ də araşdırılır. Onkoloji xəstələrdə isə artıq çəki, o cümlədən insulin dirənci varsa, yalnız fərdi qiymətləndirmə və həkim nəzarəti ilə istifadə oluna bilər”.

Anar Məmmədovun “xiyar və avokado ilə arıqlamaq daha risklidir” fikrinə münasibət bildirən həkim qeyd edib ki, burada problem qidanın özü yox, yanlış və balanssız pəhriz yanaşmasıdır:

“Yalnız bir-iki qida üzərində qurulan pəhrizlər zülal çatışmazlığına, hormonal pozğunluqlara, əzələ itkisinə və maddələr mübadiləsinin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan, nəzarətsiz və ekstrem pəhrizlər doğrudan da sağlamlıq üçün risklidir. Nəticə etibarilə, arıqlama iynələri düzgün pasiyent seçimi və tibbi nəzarət altında faydalı ola bilər, lakin həyat tərzini, balanslı qidalanmanı, davranış dəyişikliyini əvəz etmir. Sağlam arıqlama fərdi yanaşma, elmi əsaslandırılmış müalicə planı və uzunmüddətli nəzarət tələb edir. Qorxu yaratmaq da, bu preparatları idealizə etmək də doğru yanaşma deyil”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники