RU

​​​​​​​Nəriman Həsənzadə – 95: Umud Mirzəyev

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev:

"Ustadımız, Azərbaycan xalqının böyük oğlu, xalq şairi Nəriman Həsənzadə haqqında fikir bildirmək və bu marafona qoşulub onun barədə söz demək mənim üçün böyük şərəfdir. Hər şeydən əvvəl ona görə ki, mən 80-ci illərin sonlarında Nəriman Həsənzadənin baş redaktoru olduğu “Ədəbiyyat və incəsənət” qəzetində əmək fəaliyyətinə başlamışam. Onunla bağlı çoxlu xatirələrim var. Poeziyası, Azərbaycan ədəbiyyatına və mətbuat tarixinə verdiyi töhfələr barədə saatlarla danışmaq olar.

Fikirlərimi yekunlaşdırmaq üçün onun dillər əzbəri olan bir şeirindən bir neçə misranı səsləndirmək istəyirəm:

Mənə üfüq boyda geniş zamanı,
Göydə buludları, yerdə dumanı,
Dənizdə dalğanı sən bağışladın.
Bu zövqü, səfanı sən bağışladın...

Nə qədər duru, nə qədər ürəyə yaxın, insanın hissiyyatına və vücuduna təsir edən misralardır. Nəriman Həsənzadənin gəncliyindən bu günə qədər qələmə aldığı bütün əsərlərdə həm dərin fəlsəfə var, həm də Azərbaycan dilinin incəliklərindən və zəngin imkanlarından ustalıqla istifadə olunub.

Ustadım, çox yaşayasınız!

Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının başlatdığı bu marafonda estafeti dəyərli həmkarım İradə Rzazadəyə ötürürəm. İnanıram ki, o da öz fikirlərini və mesajını cəmiyyətimizə çatdıracaq".

Избранный
28
qht.az

1Источники