RU

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından iftar verilib.

1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi, Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"da qurulan Ramazan çadırında keçirilən "Azərbaycan axşamı" çərçivəsində baş tutub.

Tədbir zamanı Azərbaycanın azad edilmiş ərazilərində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Qarabağ məscidlərinin bərpasından bəhs edən fotosərgi nümayiş olunub.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin direktor müavini Nazim İsmayıl-zadə tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın salamlarını və təbriklərini çatdırıb. O, Moskvada Ramazan çadırında Azərbaycan axşamlarının keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini qeyd edib.

"Heydər Əliyev Fondu mədəniyyətin və humanitar məsələlərin inkişafına, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində məscidlərin bərpasına böyük diqqət yetirir, hansı ki, bu axşam qonaqlar sərgidə tanış ola biləcəklər", - deyə o vurğulayıb.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilinə göstərdiyi diqqət və dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. O, Ramazan ayının mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib: "Ramazan ayı mərhəmət, saflaşma və xeyirxah əməllər, insanın xüsusilə başqalarına kömək etmək ehtiyacı hiss etdiyi bir dövrüdür".

Azərbaycan Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov mərasimdə çıxış edərək səfir Rəhman Mustafayevin təbriklərini çatdırıb.

Moskva müftisinin müavini Marat Arslanov isə bildirib ki, Azərbaycan axşamını "Ramazan Çadırı" çərçivəsində qeyd etmək çoxillik yaxşı bir ənənəyə çevrilib və bu, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir: "Mən bu layihədə 2006-cı ildən, yarandığı gündən bəri iştirak edirəm və uzun illərdir ki, Heydər Əliyev Fondu ilə birlikdə və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan mədəniyyətinə və Azərbaycan xalqının adət-ənənələrinə həsr olunmuş axşam keçiririk. Sevindirici haldır ki, bu il yenidən görüşmək, birlikdə iftar açmaq və qonaqlarımız üçün hazırlanmış mədəni proqramdan zövq almaq imkanı əldə edirik", - deyə o bildirib.

Tədbirdə "Ramazan çadırı"nın təşkilatçıları adından Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə təşəkkürnamə təqdim edilib.

Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Tədbirin sonunda mədəni proqram təşkil olunub. Müsəlman Uşaq Məktəbinin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər, ardınca isə "Buta Trio"nun konserti qonaqları Azərbaycanın zəngin musiqi irsi ilə tanış edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 19-cu ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir. "Ramazan çadırı" Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir. Bu il ki, "Ramazan çadırı" layihəsi "Gələcəyin mədəni kodu" devizi altında keçirilir. Layihədə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İran, MDB ölkələri və Rusiyanın müxtəlif regionları da daxil olmaqla təxminən on ölkədən nümayəndələr iştirak edir.

Избранный
18
5
herbiand.az

10Источники