RU

Azərbaycanda gənclərin musiqi zövqü: trend dalğası və klassikanın kölgədə qalması- ÖZƏL

"Son vaxtlar ətrafda bir şeyi tez-tez eşidirik: "indiki gənclər başqa cür musiqi dinləyir". Doğrudan da, əvvəlki illərlə müqayisədə fərq açıq hiss olunur. Bir vaxtlar ailədə, televiziyada, məktəbdə eşidilən musiqilər zövqün formalaşmasında daha böyük rol oynayırdı. İndi isə əsas təsir mənbəyi sosial şəbəkələrdir. Musiqi sanki sənət olmaqdan çox, sürətlə paylaşılan və tez dəyişən bir trendlər məhsuluna çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "İndi bir mahnının məşhurlaşması üçün illərlə zəhmət çəkmək, ciddi musiqi təhsili və ya dərin mətn yazmaq mütləq deyil. Bəzən çox sadə, hətta bayağı sayılacaq bir mahnı sosial platformaya yerləşdirilir. Bir neçə tanınmış bloger onu videolarında istifadə edir, ardınca minlərlə insan eyni səsi təkrar paylaşır. Bir həftə keçmir ki, həmin mahnı hər yerdə səslənir. İnsan da istər-istəməz onu tanıyır. Sevdiyi üçün yox, qulağı öyrəşdiyi üçün.
Son dönəmdə TikTok-da yayılan "Gəl mənə addım atdım" mahnısı da bu dalğanın nümunəsidir. Qısa videolarda fon musiqisi oldu, bir neçə fenomen paylaşdı və birdən hamı istifadə etməyə başladı. Halbuki mahnının sözləri və musiqi quruluşu elə də fərqli və ya dərin deyil. Sadəcə ritm yadda qalır, sözlər tez təkrar olunur və bununla da iş bitmiş sayılır.
Bir də işin başqa tərəfi var. Mahnı xaricdə, məsələn Amerikada bir neçə videoda səslənən kimi elə təqdim olunur ki, guya dünya səviyyəsində böyük musiqi hadisəsi baş verib. Müəllif bunu ciddi beynəlxalq uğur kimi göstərir. Amma açıq danışsaq, sosial platformada qısa müddətli trend olmaq başqa şeydir, illərlə dinlənilən, dəyər qazanan əsər yaratmaq tamam başqa. Bir neçə xarici istifadəçinin paylaşımı hələ qlobal sənət zirvəsi demək deyil.
Əslində burada problem təkcə bir mahnıda deyil. Məsələ ondadır ki, populyarlıq anlayışı dəyişib. İndi keyfiyyət yox, baxış sayı əsas meyara çevrilib. Kim çox izlənirsə, o daha "uğurlu" sayılır. Bu isə istər-istəməz zövqün səviyyəsinə də təsir edir. Daha mürəkkəb, klassik və ya milli musiqilər isə arxa planda qalır.
Halbuki Azərbaycan musiqisi kifayət qədər zəngindir. Üzeyir Hacıbəyli kimi sənətkarlar bu musiqinin təməlini qoyub. Qara Qarayev və Fikrət Əmirov kimi bəstəkarların əsərləri isə təkcə bizim üçün yox, dünya musiqisi üçün də dəyərli nümunələrdir. Bu irs sadəcə tarix kitablarında qalmalı deyil.
Gənclərin daha sürətli və ritmik musiqiyə üstünlük verməsi müəyyən qədər zamanın tempindən qaynaqlanır. Hər şey sürətlə dəyişir, musiqi də bu axına qoşulur. Amma yenə də seçim məsələsi qalır. Əgər qarşıya yalnız trend çıxarılırsa, zövq də ona uyğun formalaşır. Əgər keyfiyyətli musiqi daha əlçatan və maraqlı formada təqdim olunsa, onu dinləyən də tapılar.
Sonda belə bir nəticə çıxır: trend musiqilər gəlir və gedir. Bu gün hər yerdə səslənən mahnı sabah unudula bilər. Amma həqiqi sənət qalıcı olur. Ona görə də məsələ kiminsə nəyi dinləməsində deyil, seçim imkanlarının balanslı olmasındadır. Zövq formalaşır, amma onu formalaşdıran mühit daha önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники