RU

Soyqırımı siyasətinin qanlı zirvəsi ŞƏRH

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan xalqının tarixi təkcə mədəni yüksəlişlər və dövlətçilik ənənələri ilə deyil, eyni zamanda ona qarşı sistemli şəkildə aparılmış zorakılıq və soyqırımı siyasəti ilə də yadda qalmışdır. Xocalı faciəsi bu uzun və ağrılı tarixin təsadüfi epizodu deyil, iki yüz ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı məqsədli soyqırımı siyasətinin ən qanlı və açıq təzahürlərindən biridir.

XIX əsrin əvvəllərindən başlayaraq regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması və etnik təmizləmə siyasəti mərhələli şəkildə həyata keçirilmişdir.

1992-ci ilin fevralında Xocalı şəhərində törədilən faciə isə bu siyasətin kulminasiya nöqtəsi kimi tarixə düşmüşdür. Mülki əhaliyə qarşı xüsusi qəddarlıqla həyata keçirilən qətliam zamanı qadınlar, uşaqlar və qocalar yalnız milli mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. Bu hadisə bir daha sübut etdi ki, Xocalıda məqsəd hərbi hədəf deyil, bir xalqın iradəsini sındırmaq, qorxu və vahimə yaratmaq idi.

Xocalı faciəsini digər müharibə cinayətlərindən fərqləndirən əsas cəhət onun planlı və sistemli xarakter daşımasıdır. Dinc əhalinin qaçış yollarının bağlanması, insanların xüsusi qəddarlıqla öldürülməsi, meyitlərin təhqir edilməsi bu hadisənin sıradan hərbi toqquşma olmadığını açıq şəkildə göstərir. Bu, uzun illər formalaşdırılmış etnik nifrətin və soyqırımı ideologiyasının nəticəsi idi.

Təəssüf ki, beynəlxalq ictimaiyyət uzun müddət bu faciəyə lazımi siyasi və hüquqi qiymət verməmişdir. Lakin Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir. Bu istiqamətdə aparılan informasiya və diplomatik fəaliyyət Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanıdılması yolunda mühüm addımlar olmuşdur.

Bu gün Xocalı faciəsinə baxış yalnız keçmişin acısını xatırlamaq məqsədi daşımır. Bu faciə eyni zamanda tarixi ədalətin bərpası, gələcək nəsillərin həqiqətləri bilməsi və belə cinayətlərin bir daha təkrarlanmaması üçün mühüm dərsdir. Xocalı, soyqırımı siyasətinin qanlı səhifəsi olmaqla yanaşı, Azərbaycan xalqının sarsılmayan iradəsinin və ədalətə olan inamının da simvoludur.

Xocalı faciəsi unudulmur və unudulmayacaq. Çünki bu yaddaş təkcə matəm deyil, həm də haqqın və ədalətin bərpası uğrunda mübarizənin əsas dayaqlarından biridir.

Zərnişan Əliyeva

YAP Babək rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
50
sesqazeti.az

10Источники