RU

Azərbaycan Milli İstiqlal Partiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı

Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic olduğu və erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır. Bu gün biz bu dəhşətli soyqırımdan ötən 34-cü ili dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürurla anırıq. 
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə şahidlik etdi. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və texnikası ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Rəsmi statistika bu gün də qan dondurur: Xocalı soyqırımında 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl insanlar olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 76 azyaşlı körpə şikəst edilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb və 1000 nəfər güllə yarası alıb. Xocalı şəhəri ilə birlikdə 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib, 2 tarixi abidə məhv edilib. Faciə zamanı itkin düşənlərin və indiyədək taleyi bəlli olmayan girovların dəhşətli işgəncələr altında qətlə yetirildiklərinə də heç bir şübhə yoxdur.
 
Faciədən dərhal sonra, fevralın 28-də əhalinin qətlə yetirildiyi yerə gedən jurnalistlər dəhşətli mənzərə ilə üzləşiblər. Onlar tərəfindən hazırlanan reportajlar da sübut edir ki, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmiş, daha sonra isə meyitlər təhqir edilmişdir. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər ətraf orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkarlanmışdır. Təsadüfü deyil ki, dəhşətli qətliamı öz gözləri ilə görən xarici jurnalistlər müşahidə etdikləri bu vəhşilikdən dəhşətə gələrək çalışdıqları mətbu orqanlarda bununla bağlı çoxsaylı yazılar dərc etdirmişdilər.
 
Azərbaycanın apardığı ardıcıl diplomatiya səyləri ilə bu gün dünyanın bir çox ölkələri və ABŞ-ın 24 ştatı Xocalıda baş verənləri soyqırımı aktı kimi rəsmən tanıyır. Bu, beynəlxalq ədalətin bərpası yolunda atılan mühüm addımlardır.  
 
Xocalı soyqırımının 34-cü ildönümünü fərqli edən ən mühüm amil isə Azərbaycanın 2020-ci il Vətən Müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan digər ərazilərimiz kimi Xocalını da azad edərək, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Şəhər yenidən qurulur, həyat öz axarına qayıdır. Bu, erməni separatizminin məğlubiyyətinin və Azərbaycanın ərazi bütövlüyünün sarsılmazlığının rəmzidir. Azərbaycan dövləti beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq, Xocalı qatillərinin bir qisminin mühakimə olunmasını təmin etmişdir. Bu mühakimələr də göstərdi ki, bəşəriyyətə qarşı cinayət törədənlər üçün heç bir zamanlama məvhumu yoxdur və digər canilər də  gec-tez qanun qarşısında cavab verəcəklər.  
 
Azərbaycan Milli İstiqlal Partiyası hər zamankı kimi Xocalı şəhidlərini ehtiramla anır, faciənin 34-cü ildönümü ərəfəsində növbəti dəfə bütün dünya ölkələrinə müraciət edərək, bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən genosid aktı kimi tanımağa səsləyir və cinayətkarların layiq olduqları cəzaları alacaqlarına əminliyini ifadə edir.
 
 
 
 
 
Избранный
14
4
moderator.az

5Источники