İranın Ali Lideri ayətullah Əli Xameneinin iqamətgahı və qərargahının yerləşdiyi Motəhəri kompleksinin (Beit-e Rahbari) yaxınlığında ağır silahlı toqquşmalar baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində onlarla insanın öldüyü və saxlanıldığı bildirilir.
Məlumata görə, toqquşmalar fevralın 23-də səhər tezdən başlayıb və gün ərzində davam edib. İranın təhlükəsizlik qüvvələri, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə müxalifətdə olan Məcəhidin-e Xəlq (MEK – Xalqın Mücahidləri Təşkilatı) üzvləri arasında baş verdiyi iddia olunan qarşıdurmada ən azı 100 nəfərin öldürüldüyü və ya həbs edildiyi bildirilir.
MEK-in yaydığı bəyanatda qeyd olunur ki, təşkilatın 100-dən çox üzvü “şəhid olub və ya saxlanılıb”, daha 150-dən artıq üzv isə gecə saatlarınadək “təhlükəsiz şəkildə bazalarına qayıdıb”. Təşkilat itkilərlə bağlı məlumatları beynəlxalq hüquq-müdafiə qurumlarına təqdim edəcəyini açıqlayıb.
Toqquşmaların əsasən Motəhəri kompleksində baş verdiyi bildirilir. Həmin ərazidə Xameneinin iqamətgahı və qərargahı ilə yanaşı, Qəyyumlar Şurası, Ekspertlər Məclisi, Kəşfiyyat Nazirliyinin ofisi, Məhkəmə sisteminin mərkəzi idarəsi, Ali Milli Təhlükəsizlik Şurası, Məqsədəuyğunluq Şurası, eləcə də Ali Liderin oğlu Möctəba Xameneinin ofisi yerləşir.
MEK iddia edir ki, kompleksdə quraşdırılmış 17 müşahidə kamerasından bir neçəsi hadisədən əvvəl sıradan çıxarılıb. Təşkilat həmçinin təhlükəsizlik qüvvələrinin də ciddi itkilər verdiyini, lakin dəqiq rəqəmlərin hələ məlum olmadığını bildirib.
Hadisə ilə bağlı “Tasnim News” agentliyi və “Hizbullah”a yaxınlığı ilə tanınan “Al-Akhbar” nəşri toqquşmaların baş verdiyini təsdiqləyib. “Al-Akhbar” hadisəni “MEK-in xarici kəşfiyyat xidmətlərinin dəstəyi ilə həyata keçirdiyi ən təhlükəli və mürəkkəb əməliyyatlardan biri” kimi qiymətləndirib.
Bununla yanaşı, İranın rəsmi mediası, o cümlədən “Mehr News” yayılan məlumatları təkzib edərək, hadisəni “səs-küy yaratmağa yönəlmiş səhnələşdirilmiş aksiya” adlandırıb və “xarici qüvvələrin muzdlu agentlərinin təxribatı” kimi təqdim edib.
Hazırda hadisənin real miqyası və itkilərin dəqiq sayı barədə müstəqil mənbələr tərəfindən təsdiqlənmiş məlumat yoxdur. Lakin Tehran mərkəzində yerləşən və yüksək təhlükəsizlik rejimi ilə qorunan zonada belə silahlı qarşıdurmanın baş verməsi ölkə daxilində gərginliyin ciddi şəkildə artdığını göstərir.
Sara
NOCOMMENT.az