RU

"Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etmir, əsas narahatlıq NATO məsələsidir"

Ukrayna Avropa Birliyindən gələcək üzvlüklə bağlı konkret qərar və dəqiq vaxt çərçivəsi gözlədiyini bəyan edib.

Bəs Ukrayna Avropa İttifaqına qəbul ola biləcəkmi?

Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi ki, Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyi yeni məsələ deyil:

"Hətta demək olar ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında da bu amil mühüm rol oynayıb. Ukrayna Avropa İttifaqı ilə yaxınlaşmaq istəyirdi, Rusiya isə buna ciddi etiraz edirdi. Həmin dövrdə Viktor Yanukoviç geri addım atdı, Rusiyanın təzyiqləri fonunda Avropa ilə inteqrasiya prosesini dayandırdı. Bundan sonra Ukraynada kütləvi etirazlar başladı, hakimiyyət dəyişdi və iki ölkə arasındakı gərginlik daha da artdı. Bu baxımdan demək olar ki, münaqişənin kökündə Ukraynanın Avropa İttifaqına inteqrasiya istəyi dayanır".

Müsahibimiz qeyd etdi ki, məsələ bununla məhdudlaşmır: Ukrayna ümumilikdə Avroatlantik məkana inteqrasiya etmək, həm NATO-ya, həm də Avropa İttifaqına qoşulmaq istəyir.

"Məqsəd Rusiyanın nüfuz dairəsindən çıxmaq və müstəqil siyasi kurs yürütməkdir. Lakin mövcud geosiyasi və hərbi şərait buna mane olur. Avropa İttifaqına üzvlük üçün müəyyən meyarlar mövcuddur. Münaqişə şəraitində olan, həmçinin siyasi və iqtisadi sistemi İttifaqın standartlarına uyğun olmayan dövlətlərin üzvlüyü mümkün olmur. Vaxtilə Şərqi Avropa ölkələri geniş islahatlar apardıqdan sonra üzv ola bildilər. Türkiyə isə 30 ildən artıqdır üzvlük prosesindədir, lakin qarşıya qoyulan şərtlər və standartlar səbəbindən hələ də tamhüquqlu üzv deyil".

Politoloqun sözlərinə görə, Avropa İttifaqı əvvəlki “komfort” dövrünü geridə qoyub.

"Yeni geosiyasi reallıqlar İttifaqın güclənməsini və yeni tərəfdaşlara ehtiyacını gündəmə gətirir. Bu baxımdan, Ukrayna mühüm əhəmiyyət daşıyır. Lakin davam edən müharibə şəraitində üzvlüyün yaxın perspektivdə reallaşması çətin görünür. Rusiya son dövrlərdə bəyan edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etmir, əsas narahatlıq NATO məsələsidir. Ancaq bu bəyanatların praktik müstəvidə necə nəticə verəcəyi açıq qalır. Hazırda Avropa İttifaqının daxilində də Ukrayna məsələsində fikir ayrılıqları mövcuddur. Məsələn, Macarıstan və Slovakiya bəzi qərarlarda fərqli mövqe nümayiş etdirirlər. Rusiyaya qarşı sanksiyalar paketləri və Ukraynaya ayrılacaq maliyyə-hərbi yardım məsələlərində bu ölkələrin etirazları müşahidə olunur. Macarıstan, məsələn, “Drujba” neft kəməri ilə bağlı arqumentlər irəli sürür və müəyyən qərarları bloklayır.

Bütün hallarda, Avropa İttifaqına üzv olmaq Ukraynanın suveren seçimidir və gələcəkdə bunun mümkün olması istisna deyil. Lakin nəzərə almaq lazımdır ki, ittifaq daxilində qərarlar konsensus əsasında qəbul edilir. Yəni bütün üzv dövlətlərin razılığı əsas şərtdir. Ona görə də bu proses həm vaxt, həm də siyasi iradə tələb edir. Ümid etmək olar ki, gələcəkdə bu məsələ ilə bağlı daha konkret və müsbət nəticələr əldə olunacaq", - deyə Əli Mustafa yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
17
1
redaktor.az

2Источники