RU

Qarsda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Yazını böyüt
Yazını kiçilt

Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir ölkəmizin Qarsdakı Baş Konsulluğunun təşəbbüsü ilə təşkil olunub.

Hafta.az xəbər verir ki, tədbirdə diplomatlar, Türkiyə ali məktəbinin müəllim və tələbələri, şəhər bələdiyyəsinin nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Toplantıda çıxış edən Qafqaz Universitetinin dekanı Adem Balkaya gəncləri Türkiyə və Azərbaycan xalqlarına qarşı törədilmiş cinayətləri unutmamağa və gələcəkdə belə qanlı cinayətlərin təkrarlanmasına yol verməməyə çağırıb.

Azərbaycanın baş konsulu Zamin Əliyev bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. O xatırladıb ki, 1991–1994-cü illərdə Şərqi Zəngəzurda və Qarabağda ağır cinayətlər törədilib.

Baş konsul 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbəni və 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror tədbirlərinin nəticələrini də xatırladıb, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun taleyüklü əhəmiyyətini vurğulayıb. “Tarixi ədalət bərpa olundu. 2023-cü il oktyabrın 15-də Azərbaycan Bayrağı yenidən Xocalıda ucaldıldı”, – deyə o qeyd edib.

Diplomatik nümayəndəliyin rəhbəri Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə qardaş Türkiyə xalqına minnətdarlığını bildirib. “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra Türk dünyası daha da möhkəmlənib, Cənubi Qafqazda dayanıqlı sülhə doğru mühüm addımlar atılıb”, – deyə diplomat əlavə edib.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş fotosərgi təşkil edilib.

Избранный
17
hafta.az

1Источники