RU

Xocalı harayı

Keçmiş məcburi köçkün Zənurə Səlimova: "Məni yaşadan Xocalıya qayıtmağımdır"

"Qapıdan çıxdıq, amma bilmirdik hara gedirik. Kənd camaatı hərə bir söz deyirdi. Bilmirdik nə edək?"

Bu, qarlı, boranlı gecədə, əliyalın, ümidini ancaq Allaha bağlayan, nə edəcəklərini, hara gedəcəklərini bilməyən insanın çarəsizliyi idi. Sonunu bilmədikləri qaranlıq bir yola çıxmışdılar, o qarlı gecədə. 

Həmin gecənin vəhşətlərini yaşayan, faciənin canlı şahidlərindən olan Zənurə Səlimova 34 il əvvəli belə xatırlayır: "O vaxt mənim 20 yaşım var idi, yenicə ailə qurmuşdum. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün xocalılıların qəlbinə silinməz yara vuruldu. Yoldaşım Fərhad Səlimov və qaynım Faiq özünümüdafiə batalyonunda xidmət edirdilər. Həmin gecə isə Fərhadın növbəsi idi". 

Fərhad Səlimov həmin gün baş verəcəklərdən xəbərsiz növbəyə yollanmışdı. Xocalılıların isə doğma evlərindən, isti ocaqlarından didərgin düşəcəkləri, uzun illər bu yerlərə həsrət qalacaqları ağıllarının ucundan belə keçməzdi. "Ermənilər pusquda duraraq hər axşam atəş açırdılar. Buna baxmayaraq, biz xocalılılar öz ev-eşiyimizi tərk etmirdik. Həmin gecə təxminən 12-1 radələrində səs-küyə ayıldıq. Yoldaşım qardaşını haraylayaraq ermənilərin şəhəri hər tərəfdən mühasirəyə aldığını və buradan çıxmağın lazım olduğunu bildirdi. Çarəsiz, əliyalın xocalılılar nə edə bilərdilər? Qayınanamın ayaqları yer tutmurdu. Yoldaşım və qaynım analarını kürəklərinə alaraq, mən və baldızım isə onlara kömək edərək qapıdan çıxdıq", - deyə Zənurə Səlimova sözünə davam edir. 

Digər xocalılılar kimi onlar da beşmərtəbəli binanın zirzəmisini xilas yeri bilərək bura pənah gətirirlər. Soyuq zirzəmidə dilləri buz tutmuş xocalılılar çarəsizliklərini yalnız göz yaşları ilə göstərirdilər.

Sonu bilinməyən yola doğru...

"Nə edəcəyimizi düşünə bilmirdik", - deyir Zənurə xanım. Onlara son vəziyyətlə bağlı xəbər gətirən  həmyerlisi Murad Məhərrəmov Kətik meşəsinə çəkilməyi məsləhət görür. 

Düşünürlər ki, ermənilər sakitləşəcək və onlar isti ocaqlarına qayıdacaqlar. Amma onları qarşıda daha dəhşətli hadisələrin gözlədiyini bilmirdilər. 

Deyilən kimi də edirlər. Zirzəmiyə sığınan xocalılılar indi meşəni xilas yolu bilib yola düzəlirlər. Kətik meşəsinə yol isə Qarqar çayından keçirdi. Bu vəhşətli gecədə Qarqarçay da sanki qəzəbli idi. Xilaslarını meşədə görənlər sudan birtəhər keçərək canlarını qurtarmağa çalışırdılar. 

Zənurə Səlimova sonra baş verənləri belə nəql edir: "Can Xocalımız... Düşünməzdik ki, ata-analarımızın əzab-əziyyətlə, dişi ilə, dırnağı ilə qurub yaratdığı isti evlərimizi tərk edərik. Çayı keçdikdən sonra meşə ilə yolumuza davam etdik. Düşmən isə meşədə də pusqu qurmuşdu. Qarşılarına çıxanları qoca, qadın, uşaq demədən gülləyə tuturdular. Bizə bələdçilik edən yox idi. Getdiyimiz yolu qayıdır, qayıtdığımız yolu gedirdik. Həmin gecə elə bil təbiət də qan ağlayırdı. Meşənin ortasına qədər güclə gəlib çıxmışdıq".

Bu anda onların imdadına yetişən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev olur: "O özünü təqdim etdikdən sonra bildik ki, Xocalımızın igid oğludur. Bizdən soruşdu ki, yolu tanıyan var? Dedik ki, yox. Ondan sonra o öndə, biz isə arxada yola düzəldik". 

Əlif Hacıyev bələdçilik etdiyi xocalılıları yaddaşlarda "Qanlı qaya" kimi qalan Qaraqayanın yanına kimi gətirir. Orada onlara yolu tez keçmələrini tapşırır. 

Birlikdə yola çıxan 80-90 nəfərdən cəmi 10-15 nəfər canını qurtara bilir. Qalanı ya meşədə, ya Qaraqaya adlı yerdə düşmən gülləşinə tuş gələrək həyatını itirir, ya da itkin düşür. 

Zənurə Səlimovanın qayınanası Adilə Səlimova da həmin gecə itkin düşür və bugünədək tapılmayan şəxslər sırasındadır. Zənurə Səlimova bildirir ki, bəy qızı olan Adilə xanımın atasının Xocalıda böyük torpaq sahələri olub. "Amma bu gün o bəy qızının bu torpaqlarda tapşırmağa qalıqları belə tapılmayıb. Dəhşətli günlər yaşayıb. Dayım ağır işgəncələrə məruz qaldıqdan sonra cəsədi tanınmaz vəziyyətdə gətirilmişdi. Onu ancaq anam tanımışdı. Xalam və iki uşağı bu günədək itkindir. Günlər sonra bibimin tanınmaz meyiti və əmimin meyiti də gətirildi. Əmim oğlu anasının kürəyində güllələndi. Faciədən 5 gün sonra anamı və qardaşlarımı görə bildim. Onlar sağ-salamat gələnlər arasında idilər", - deyir Xocalı soyqırımının canlı şahidi.

Gözləri yolda qalanlar...

Sağ qalanlar Ağdamın Şelli kəndinə gəlib çata bilirlər. Ağdam camaatı əllərindən gələn köməyi edir. Gecədən şaxtada, ac-susuz, kürəklərinə qocaları, uşaqları alıb gələn xocalılılar taqətdən düşmüş vəziyyətdə idilər. Səhəri Ağdam məscidinə gələrək hər kəs yaxınından, qohum-əqrəbasından xəbər gözləyir. Kimisi sağ qayıdırdı, kiminsə meyiti gətirilirdi. Bir də gözləri hələ də yollarda qalanlar var idi...

Ağdam məscidinə durmadan meyitlər, yaralılar gətirilirdi. Onların içində meşədə balaca körpəni Zənurə xanıma tapşıran Cəmilə xala da var idi. Zənurə xanım bu dəhşətli gecədə bətnindəki körpəni itirsə də, əmanət edilən balaca canı sağ şəkildə təhvil vermək ona qismət olur. 

Bu gün Zənurə Səlimova iki oğul anası, iki gəlin qayınanası, nənə kimi qayıdıb doğma yurduna. Həm də onlarla birlikdə. 20 yaşında, cəmi 4 aylıq gəlin ikən çıxdığı Xocalıya 33 ildən sonra - ötən ilin yanvar ayında geri qayıdıb. 

O qayıdışını Zənurə bu sözlərlə ifadə edir: "Bu gün biz artıq Xocalıdayıq. Bir gözümüz gülsə də, bir gözümüzdə yaş var. Sevinirik, çünki artıq Xocalımız azaddır. Ağlayırıq ki, itirdiklərimiz geri qayıtmadı. Erməni mənfurları elə bir ev olmadı ki, faciə yaşatmasınlar".

Xocalılı günlər başlayıb

Artıq bir ildən çoxdur Xocalıya köçən Zənurə Səlimova və ailəsi qayıdış xəbərini sevinclə qarşılayıblar və 2024-cü ilin dekabr ayından hazırlıqlara başlayıblar. "Burada yaşamağa sevə-sevə gəlmişik. Xocalıma bağlıyam. Məni yaşadan bura köçməyimdir. Sevincimin həddi-hüdudu yoxdur. Sağ olsun Ali Baş Komandan, Prezident İlham Əliyev. Ailəmiz adından ona minnətdaram. Şəhid analarının qarşısında baş əyirəm. Onların əzab-əziyyətlə böyütdüyü oğulların canları, qanları bahasına bu gün Xocalıdayıq. Qazilərimizə Allahdan şəfa diləyirəm. Bu gün onların sayəsində buradayıq", - deyir Zənurə Səlimova.

Daha Qarqar çayı o gecəki kimi qəzəbli deyil, daha qar da elə yağmır. Son dəfə gördüyü müəllimi Adilə xanımın ailəsi də yoxdur. Onlara xəbər gətirən Murad Məhərrəmov da ailəsinin məhv olunmasına dözməyərək dünyadan köçüb, neçə-neçə qohumundan, yaxınından bu günədək heç bir xəbər yoxdur... Lakin onların hər birinin qisası düşməndən alınıb.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
23
azerbaijan-news.az

1Источники