RU

WUF13 kimi platformalarda formalaşan çağırışlar investisiya mühitinə təsir edir – ŞƏRH

Bakı, 26 fevral, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) kimi beynəlxalq platformalarda formalaşan çağırışlar və tövsiyələr investisiya mühitinə birbaşa və dolayı təsir edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O qeyd edib ki, WUF13 çərçivəsində şəhər infrastrukturu və nəqliyyat layihələrinin maliyyələşdirilməsi məsələlərinin diqqət mərkəzində olması Azərbaycan üçün əlavə imkanlar açır.

“Bir tərəfdən şəhər mühitinin keyfiyyətinin yüksəlməsi və infrastrukturun modernləşdirilməsi daxili biznes aktivliyini artırır, digər tərəfdən isə xarici investorlar üçün daha proqnozlaşdırılan və dayanıqlı bazar formalaşdırır. Bu isə xüsusilə qeyri-neft sektorunda, tikinti, xidmət və innovasiya sahələrində yeni investisiya imkanları yarada bilər. Bundan başqa, nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması və ağıllı şəhər həllərinin tətbiqi həm regionların iqtisadi inteqrasiyasını gücləndirə, həm də tranzit potensialını artıra bilər. Bu baxımdan, forum beynəlxalq maliyyə institutları, inkişaf bankları və özəl investorlarla yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynaya bilər”, - deyə ekspert qeyd edib.

X.Kərimlinin sözlərinə görə, şəhər infrastrukturu layihələrində dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi investisiya yükünün daha optimal bölüşdürülməsinə və layihələrin icra səmərəliliyinin artmasına şərait yarada bilər: “Eyni zamanda, ekoloji standartlara uyğun layihələrin təşviqi yaşıl maliyyə alətlərinin tətbiqini sürətləndirə və ölkəyə alternativ maliyyə mənbələrinin cəlbini asanlaşdıra bilər.

Ümid edirik ki, yaxın zamanda şəhər layihələrinə maraq artacaq, beynəlxalq maliyyə institutları bu prosesə qoşulmağa çalışacaq. Orta və uzunmüddətli dövrdə isə nəqliyyat və şəhər infrastrukturu sahələrinə daha çox vəsait yönəldiləcək, dövlət və özəl sektor arasında əməkdaşlıq genişlənəcək, şəhər iqtisadiyyatının strukturu yenilənəcək və xidmət sahəsi daha da inkişaf edəcək”.

Избранный
28
1
azertag.az

2Источники