RU

Xocalı şahidi: Elə bil qızıma ayan olmuşdu ki, atası ilə axırıncı görüşüdür

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Əvvəllər həftədə bir-iki dəfə atırdılar. Amma son dörd ayda demək olar ki, hər gün "Alazan"la, "Qrad"la Xocalını vururdular. Elə vəziyyət idi ki, çıxırdıq həyətə nəsə götürməyə, inanmırdıq ki, evə sağ-salamat girə biləcəyik. O şəkildə gecə-gündüz demədən dayanmadan atırdılar. Həmin gün də axşam saatlarında güclü gurultu başladı. Əvvəl iki tərəfdən atırdılar, məsələn, Bozdağ istiqamətindən, bir də Əsgəranın yaxınlığındakı kəndlərdən atırdılar. Həmin gün isə demək olar ki, hər tərəfdən - Həsənabad istiqamətindən, meşə tərəfdən, ətraf kəndlərdən atəş açmağa başladılar. Əvvəl biz ermənilərin meşədə nəsə iş gördüklərinin dəfələrlə şahidi olmuşduq, amma inanmazdıq ki, bunların qara niyyətləri ola bilər. Sən demə, onlar orada tanklar yerləşdiriblərmiş və təkcə tankların lüləyi görünürmüş. Bir sözlə, ağla gələcək-gəlməyəcək hər yerdən eyni anda atəş açmağa başladılar. Dəhşətli gün idi. İnanın, kənddə daş üstündə daş qalmadı".

Bunu Oxu.Az-a müsahibəsində Xocalı faciəsi zamanı əsir düşən İradə Aydın qızı Cəfərova deyib.

Müsahibəni təqdim edirik:

- İradə xanım, Xocalıda faciənin baş verdiyi günü necə xatırlayırsınız? Həmin gün necə başladı, ilk olaraq nə hiss etdiniz?

- Həmin gün də həmişə yaşadığımız adi günlərdən biri kimi başlamışdı. Sonradan cəhənnəmə çevriləcəyini ağlımıza gətirməzdik. Hər an ermənilərdən gələ biləcək təhlükəni hiss etsək də, hamımız işimizdə-gücümüzdə idik. Səhər tezdən işə getmişdim. Fevral ayı idi, saat üç ya dörd olardı. Möhkəm qar yağırdı.

Dörd aya yaxın idi ki, demək olar hər gün atəşə tutulurdu Xocalı. Unumuz qurtarmışdı, ərzaq yox idi. Biz çörək almaq üçün bir kənddən o biri kəndə gedirdik, orada çörək sexi var idi. Çörək tapmaq üçün həmin sexə getdim, gördüm orada da çörək yoxdur. İşıq yox idi deyə çörək bişirmirdilər, ancaq xəmir yoğururdular. Xəmiri də bizə kilo ilə verirdilər. Xəmirdən alıb evə qayıtdım, qazın üstündə 2-3 dənə çörək bişirib uşaqlara verdim. Axşama doğru həmişə olduğu kimi uşaqları götürüb atamgilin zirzəmisinə getdik. Öz evimizdə zirzəmi olmadığı üçün ora yığışırdıq. Dörd ay idi ki, zirzəmidə yatırdıq. Kişilər - yoldaşım, qardaşım, atam və digərləri postlara gedirdilər.

- Siz Xocalının özündən idiniz, yoxsa kəndindən?

- Özündən idim. Atamgilin evləri qalır, bizim evi isə dağıdıblar.

- Xəmir aldınız, çörək bişirdiniz və zirzəmiyə yollandınız. Sonra nə oldu?

- Hə, dediyim kimi, getdim zirzəmiyə, uşaqları yatızdırmaq istəyirdim ki, birdən möhkəm gurultu səsi gəldi. Axşam saat 8 olardı. Düşündüm ki həmişəki kimi atacaqlar, sonra da dayanacaqlar. Onsuz son 4-5 ay idi ki, biz bir növ buna adət etmişdik.

- Yəni artıq mütəmadi vururdular?

- Bəli. Əvvəllər həftədə bir-iki dəfə atırdılar. Amma son dörd ayda demək olar ki, hər gün "Alazan"la, "Qrad"la Xocalını vururdular. Elə vəziyyət idi ki, çıxırdıq həyətə nəsə götürməyə, inanmırdıq ki, evə sağ-salamat girə biləcəyik. O şəkildə gecə-gündüz demədən dayanmadan atırdılar. Həmin gün də axşam saatlarında güclü gurultu başladı. Əvvəl iki tərəfdən atırdılar, məsələn, Bozdağ istiqamətindən, bir də Əsgəranın yaxınlığındakı kəndlərdən atırdılar. Həmin gün isə demək olar ki, hər tərəfdən - Həsənabad istiqamətindən, meşə tərəfdən, ətraf kəndlərdən atəş açmağa başladılar. Əvvəl biz ermənilərin meşədə nəsə iş gördüklərinin dəfələrlə şahidi olmuşduq, amma inanmazdıq ki, bunların qara niyyətləri ola bilər. Sən demə, onlar orada tanklar yerləşdiriblərmiş və təkcə tankların lüləyi görünürmüş. Bir sözlə, ağla gələcək-gəlməyəcək hər yerdən eyni anda atəş açmağa başladılar. Dəhşətli gün idi. İnanın, kənddə daş üstündə daş qalmadı.

Əlacımız kəsilmişdi. Yoldaşım da, qardaşım da postda idilər həmin gecə... Gecə yarısı gəldilər ki, bəs artıq aeroport tərəf alınıb, Qaladərəsində türklər yaşayan qəsəbə vardı, fin evləri tikilmişdi orada, onları tamam yandırıblar. Qaladərəsinin camaatı artıq Qarqar çayına tərəf üz tutublar. Biz yenə inanmadıq. Bizim evlərin altında dəmiryol körpüsü vardı, girdik o körpünün altına gecə yarısına kimi orada qalmalı olduq. Uşaqların birini mən bağlamışdım kürəyimə, birini də atam. Elə ev paltarındaca çıxdıq evdən.

- Sonra nə baş verdi?

- Qaldıq körpünün altında. Saat haradasa gecə 3-ə işləmişdi, bizdən təxminən 300-400 metr aralıda, körpünün yaxınlığında mal ferması vardı, gördük ki, oradan ermənilərin səsi gəlir - mal-heyvanları çıxarırdılar. Anladıq ki, ermənilər həqiqətən lap yaxınımızdadırlar, bizi əsir götürəcəklər. Ona görə də dəmiryolu körpüsünü keçib Qarqar çayına tərəf üz tutduq. Qarqarda da adətən su az olardı, amma həmin gün ona da su çox gəlmişdi. Ayaqlarımız tamam islandı, hava da qarlı-şaxtalı idi. Ətrafda kimə baxırdınsa, ayaqları donmuş, yaralı. Heç birimiz inanmırdıq ki, Qarqarı keçə bilərik. Çox dəhşətli gün idi. Biz o cür dəhşətli mənzərəni ancaq kinolarda görmüşdük. Heç vaxt ağlımıza gəlməzdi ki, Xocalını da bir gün o vəziyyətə salarlar.

- Həmin vaxt uşaqlarınız da sizinlə idi. Düz başa düşdüm?

- Bəli. Birini mən kürəyimə bağlamışdım, biri də atamın kürəyində idi. Yoldaşım, qardaşım, əlində silahı olanlar bizi qorumağa çalışırdılar. O zülmlə Əsgəran istiqamətinə, Qaraqaya deyilən yerə tərəf gəldik. Orada o vaxt xüsusi təyinatlılar da vardı, yaralıları gətirirdilər. Biz də onların arxasınca gəlib yaxınlaşanda polislər qabağımıza qaçdılar ki, bəs irəli getməyin. İrəli gedən hər kəsi, qocaları da, uşaqları da, qadınları da orada güllələdilər. Guya ermənilər bizə Əsgərandan keçib getməyə yol qoymuşdular, sən demə, o yol bizi pusquya salmaq üçün imiş. Axı iki-üç gün əvvəl helikopterlə gətirib kağızlar tökmüşdülər ki, Xocalıdan çıxın. Biz də elə bilirdik ki, elə Qarqar çayını keçəcəyik, vəssalam. Sonra məlum oldu ki bəs bizdən əvvəl gedən nə qədər insanı güllələyiblər - baxmayıblar, qadındır, uşaqdır, qocadır, xəstədir, veriblər güllənin qabağına.

- Bəs siz necə xilas oldunuz?

- Təzədən geri qayıtmalı olduq. Geri qayıdıb bir də Gendərə istiqamətinə getdik. Gendərə də meşənin ən hündür yeridir. Xocalıdan baxanda ora görünür. Özüm dəfələrlə getmişəm ora. Həmin gün o yol o qədər uzun gəlirdi bizə. Üç gün meşədə körpələrimlə ac-susuz, şaxtanın altında qalmışam. Əgər həmin gün biz əsir düşməsəydik, hamımız meşədəcə donub qalacaqdıq.

- İradə xanım, bilirəm, danışmaq çətindir. Amma əsir düşdüyünüz o anı necə xatırlayırsınız? Necə oldu ki, əsir düşdüyünüzü anladınız?

- Dediyim kimi gecə meşədə qaldıq. Səhər saat beşdə dedilər ki, gərək hava açılmamış ermənilər görməmiş keçək gedək. Duyuq düşməsinlər ki, biz oradan keçəcəyik.

Gəldik, iki yolayrıcına çıxdıq - biri Abdal-Gülablıya, o biri də Dəhrəz kəndinə gedirmiş. Ora çatanda tərəddüd etdik. Duman, çən olduğu üçün göz-gözü görmürdü deyə yolu tanıyanlar da tərəddüd etdi... qar bir yandan, duman bir yandan, uşaqlar ac-susuz üç gündür meşədə, nə vəziyyətdəyik bir Allah bilir. Bu səfər də yanlış yola girdik və erməni kəndinə tərəf getdik.

Bizimlə silahlı oğlanlar da vardı. Deyirdilər ki, necəsə döyüşə-döyüşə keçərik. Bilmirdik ki, ermənilər dağların başında durub bizi güdürlər. Qarın üstündə də izimiz qalırdı, o izin yaratdığı cığırla bilirdilər ki, gəlib oradan keçməliyik, başqa yol onsuz da yoxdur. Elə kəndə yaxınlaşmışdıq ki, yuxarıdan atəş açdılar. Uşaq, böyük hamı qarışdı bir-birinə - yaralanan kim, ölən kim. Uzandıq yerə ki, güllə dəyməsin.

Gördük ki, bunlar dayanmaq bilmirlər, ağsaqqallardan biri dedi, ağ bayraq qaldırıb təslim olmaqdan ayrı əlacımız yoxdur. Təslim olduq, amma yenə neçə nəfəri elə yanımızda güllələdilər. Gəldilər, bizi əsir götürdülər. Mənim yoldaşım, yeri gələndə 20-30 erməninin üstündə qələbə çala biləcək bir oğlan idi, mənə görə, balalarına görə məcbur tərk-silah oldu. Ermənilər Dəhrəz kəndində özlərinin Sumqayıtda törətdikləri qırğınlara görə qondarma bir abidə qoymuşdular, bizim 13 nəfər silahlı oğlanımız da vardı, onları aparıb həmin qondarma abidənin qarşısında tərk-silah etdilər. Sonra bizi də onlarla birlikdə fermaya apardılar.

- Təslim olduqdan sonra nə baş verdi?

- İçəridə ermənicə danışırdılar. Ermənilərdən biri o birisinə deyirdi ki, indi, ya sonra seçək?

Atam dedi ki, bala, onlar belə deyirlər, yəqin indi ya qadınlarla uşaqları seçəcəklər, ya da cavanları. Bizi saldılar içəri və başladılar işgəncə verməyə. Gətirib ortaya vedrə qoydular, başladılar avtomatın qundağı ilə döyə-döyə tələb etməyə ki, kimin nəyi varsa, - pul, qızıl, bank kitabçası, şəxsiyyət vəsiqəsi hamısını atsın o vedrələrin içinə. Dedilər əgər atmasanız qadınları, uşaqları soyundurub, üstlərində nə tapsaq götürüb özlərini güllələyəcəyik. Onun dərdindən nəyimiz vardısa, hamısını atdıq o vedrələrin içinə. İki vedrə qızıl, pul, sənəd götürdülər oradan.

Gecələr tez-tez biz olan yerə girirdilər. Cavanları döyürdülər, aparıb çöldə sorğu-sual edirdilər. Soruşurdular ki, "Elman müəllim kimdir? Snayperdən atan kim idi?" Adlar çəkirdilər. Hər dəfə birini aparanda ürəyimiz ağzımıza gəlirdi ki, görəsən geri qayıdacaq, ya yox?!

- O günlərdən ən ağır xatirə hansıdır?

- Ən ağırı uşaqların qorxusu idi. Onların gözündəki vahimə… Bir də yanımızda güllə dəyib yıxılan insanların görmək. Hər dəfə xatırlayanda yenidən o soyuğu, o qorxunu yaşayıram..

-Siz neçə gün qaldınız əsirlikdə?

- Bir sutkadan artıq qaldıq.

- Bəs necə oldu azad oldunuz? Kim azad etdi sizi?

- Biz əsir düşəndə içimizdən iki nəfər döyüşə-döyüşə dar dərə ilə keçib Abdal-Gülablıya xəbər vermişdilər ki, 150-200 nəfərə yaxın adamı Dəhrzdə ermənilər əsir götürüblər. Onlar da gəlib dağın başından ermənilərlə atışırdılar. Sonra ermənilər bir nəfər göndərdilər ki, onlara deyin, əgər bir də atəş açsalar, burada olanların hamısını içəridə məhv edəcəyik.

Bizi tutduqları günün sabahısı, axşam vaxtı 15 erməni girdi içəri, qadınları, uşaqları seçib apardılar. Ən axırda yoldaşımı çıxardılar. Yoldaşımı çıxaranda iki yaşlı qızım qucağımda idi, dayanmadan ağlayırdı. Elə bil uşağa ayan olmuşdu ki, atası ilə axırıncı görüşüdür.

Girdim erməni ilə yoldaşımın arasına, dedim əgər yoldaşımı güllələməyə aparırsansa, bizi də aparın. Erməni məni avtomatın qundağı ilə vurdu, yıxıldım, huşum getdi. Bir də ayıldım ki, yoldaşımı da, o biri silahlı 13 nəfəri də aparıblar. Yoldaşımgili aparanda çöldə ermənilər bir daraqda nə qədər patron vardısa, hamısını atdılar. Düşündük ki, yəqin hamısını güllələdilər. Sonra gecə ağsaqqallar su başına getmək adı ilə çıxdılar, baxdılar ki, nə qarın üstündə qan izi, nə də meyit var. Düşündük ki, yəqin onları öldürməyiblər, maşına yığıb başqa yerə aparıblar, gülləni də havaya boşaldıblar ki, elə bilək ki, bunları öldürdülər.

Bizi təhvil verməyə gətirəndə yanımızda 17-18 yaşlı bir erməni vardı, ondan soruşduq ki, dünən seçilənləri hara apardınız, harada öldürdünüz? Heç olmasa meyitlərinin yerini bilək. Dedi ki, Salatın Əsgərovanı öldürən ermənilərin hamısını sizinkilər tutub, onlarla dəyişəcəyik. Bizi belə aldatdılar, göndərdilər. O vaxtdan nə ölülərindən, nə dirilərindən bir xəbər ala bildik.

- Yoldaşınızın həlak olduğunu nə vaxt bildiniz?

- 32 ildən sonra. İlyarım bundan qabaq xəbər gəldi ki, nəşi tapılıb. Aparıb elə Xocalıda da dəfn etdik.

- Əsirlikdən azad olunandan sonra Ağdama gətirildiniz. Düz anladım?

- Bəli. Bizi Ağdam istiqamətinə gətirdilər, dərə ilə birbaşa düşdük Gülablıya.

- İradə xanım, əsirlikdən azad olduğunuz an yadınızda necə qalıb?

-Biz azad olunduğumuzu bilmirdik heç. Elə bilirdik ki, yenə qabaqlarına qatıb harasa aparırlar. İnanmırdıq ki, bizi sağ buraxarlar. Ağdamlılar hamısı yüyürdülər qabağımıza, uşaqlı-böyüklü hamımızı qucaqlayırdılar. Gözlərimizə inanmırdıq, yuxu kimi gəlirdi bizə.

- Xocalı faciəsində ailənizdən neçə nəfəri itirdiniz?

- Xocalıda yoldaşımı, bibimin yoldaşını, yoldaşımın bibisi oğlanlarını, bibisi gəlinlərini, bibisi nəvələrini itirdim. Yoldaşımla birlikdə 16 nəfərə yaxın qohumum itkin düşdü. Onlardan yalnız yoldaşım, bibisi oğlu və bibisi gəlinin nəşi tapıldı, qalanlar elə itkin olaraq qalırlar.

- İradə xanım, Xocalı azad olunandan sonra getmisinizmi?

- Getmişəm. Televiziya kanallarından biri məni çəkiliş üçün aparmışdı.

- Necə bir hiss keçirdiniz ilk dəfə Xocalıya ayaq basanda?

-Çox ağır. Birinci Qarqar çayının yanına apardılar məni. Heç cürə özümü saxlaya bilmirdim. Ancaq ağlayırdım. Həmin günləri yaşayırdım elə bil. Fikirləşirdim ki, biz bu çayı o müsibətdə necə keçmişik, ilahi? Gözümün qabağına gəldi ki, o vaxt Qarqarı keçəndə yanımda nə qədər qohum-əqrəba, dost, tanış, sinif yoldaşlarım vardı. Amma indi heç kim yoxdur - tək idim. Ağlaya-ağlaya o tərəf-bu tərəfə gedirdim.

- Bu gün Xocalıda yaşamaq istərdinizmi?

- Əlbəttə, istəyərəm gedim orada yaşayım. Orada o qədər xatirələrimiz var, uşaqlığım, gəncliyim. Yoldaşım Yusifəli hərbçi idi, onu orada dəfn etmişik. Çox istəyərəm ki, ayda iki-üç dəfə gedim onun qəbrini ziyarət edim, amma o faciəni, o soyqırımını yaşamış biri kimi hər daş, hər qarış torpaq mənə bu gün də o dəhşətləri xatırladır.

Allah şəhidlərimizə rəhmət eləsin. Elimiz-obamıza bundan sonra əmin-amanlıq qismət olsun.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
oxu.az

1Источники