Vyana, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi küçələrində yerləşən rəqəmsal yayım lövhələrində maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, rəqəmsal lövhələrdə bəşəriyyət tarixində baş vermiş qanlı faciələrdən biri olan Xocalı soyqırımı ilə bağlı xatırlatma mesajları yayımlanıb, günahsız mülki qurbanlar dərin hörmətlə anılıb.
Reklam lövhələrində “Qoy heç bir münaqişə günahsız insanların həyatına son qoymasın” mesajı yer alıb. Eyni zamanda, posterlərdə Xocalı həqiqətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün “QR kod” yerləşdirilib. Məlumatlandırıcı materiallar şəhərin 28 müxtəlif nöqtəsində nümayiş olunur.
Aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı, təşkilatın rəhbəri Taleh Qurbanovun təşəbbüsü ilə həyata keçirilib.
Təşkilatın rəhbəri Taleh Qurbanov aksiya ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib: “Xocalı faciəsi yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin ağrısıdır. Bizim borcumuz bu həqiqətləri dünyaya çatdırmaq və günahsız qurbanların xatirəsini yaşatmaqdır. Unutmayaq. Unutdurmayıq”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana