RU

Mikayıl Cabbarov: "Xaricə investisiya qoyuluşumuzda Türkiyə və Gürcüstan əsas istiqamətlərdəndir"

Azərbaycanın xaricə investisiya qoyuluşunda Türkiyə və Gürcüstan əsas istiqamətlər sırasında yer alır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxeti regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumunda bildirib.

"Türkiyənin enerji istehsalı bazarına son daxilolma nəticəsində 870 meqavatlıq elektrik stansiyasının alınması ilə Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı investisiyaların məbləği 21 milyard ABŞ dollarına yaxınlaşıb. Gürcüstana investisiya qoyuluşumuz 3,1 milyard ABŞ dollarından çoxdur. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparıcı rol oynayır. Üçtərəfli enerji əməkdaşlığı ölkələrin milli inkişafının əsasını təşkil etməklə yanaşı, daha geniş miqyas alan enerji tərəfdaşlığımızın mərkəzində dayanır. Bu gün biz Gürcüstanın, Türkiyənin, eləcə də əsasən qərbdə yerləşən daha 14 ölkənin enerji təhlükəsizliyinə töhfə verməkdən qürur duyuruq. Hazırda Azərbaycan təbii qazını müntəzəm alan ölkələrin sayı 16 -dır və onların 10-u Avropa İttifaqına üzvdür. Boru kəmərləri vasitəsilə qaz nəqlinin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, birgə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi artıq sadəcə infrastruktur layihəsi deyil, Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından biridir: "Mənim fikrimcə, Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu artıq Avropanın enerji infrastrukturunun ayrılmaz hissəsi olub. Dünən və bu gün Gürcüstan hökumətinin enerji istehsalı infrastrukturunun modernləşdirilməsi ilə bağlı uzaqgörən və iddialı planları haqqında məlumat almaqdan məmnun oldum. Dəvət olunduğumuz halda, investisiya imkanlarını nəzərdən keçirməyə və Gürcüstanın iqtisadi ekosisteminin təbii hissəsi kimi rolumuzu davam etdirməyə hər zaman hazırıq. İnanıram ki, bu, hər iki xalqın maraqlarına xidmət edir".

Избранный
4
2
aznews.az

3Источники