RU

Soyqırımı qurbanları Malayziyada yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Türkiyə icmasının iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir İrfan Davudov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun təkcə Xocalıda deyil, Ermənistanın işğalı altında olan bütün ərazilərimizdə ədaləti bərpa etdiyini söyləyən səfir, xalqımızın bu qətliamı heç vaxt unutmayacağını bildirib.

Qeyd olunub ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə siyasi qiymət verilib və 26 fevral tarixi “Xocalı soyqırımı günü” kimi elan edilib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsi olaraq 18 ölkə, ABŞ-nin 20-dən artıq ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı, insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarların qəbul edildiyi bildirilib.

Səfir, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlatdığı “Xocalıya ədalət!” təbliğat kampaniyasının xüsusi rolunu da vurğulayıb.

Sonda Xocalıda, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə dualar oxunub, ehsan süfrəsi açılıb.

Избранный
27
azertag.az

1Источники