RU

Artilleriya mayorunun 60 İllik şərəf zirvəsi



Bəzi insanlar var ki, onların tərcümeyi-halı sadəcə sənədlərdə deyil, doğma yurdun dağında-daşında, səngərinin dumanında yazılır. Bu gün Qərbi Azərbaycan İcmasının sektor müdiri, istefada olan artilleriya mayoru Əbdüləli Həsənovun 60 illik yubileyidir. Lakin bu yubiley nə bir şənlikdir, nə də təmtəraqlı ziyafət. Çünki mayor Həsənov tam 34 ildir ki, fevralın 26-da öz doğum gününü "unudub" və ömrünün sonuna qədər də qeyd etməyəcəyini qətiyyətlə bəyan edib.



Əbdüləli müəllim Ağbaba mahalının mərdlər ocağı olan Qaraçanta kəndindəndir. Onun ruhunda Ağbaba-Şörəyel havası çağlayır, damarlarında o qədim və sarsılmaz yurdun enerjisi dövr edir. Deyirlər ki, insanın saçlarına yağan ağ dənələr təkcə yaşın nişanəsi deyil; Əbdüləli müəllimin saçları sanki Qaragüney dağının əbədi qarına bürünüb. O ağlıq həm o dağların vüqarından, həm də çiyinlərində daşıdığı Vətən yükünün ağırlığından xəbər verir.


Əbdüləli müəllim üçün Vətən sadəcə xəritə üzərində çəkilmiş sərhədlər deyil, o, ruhun nəfəs aldığı müqəddəs bir məkandır. Onun daxili dünyasında Ağbabanın, Şörəyelin hər daşı bir dastan, Qaraçanta kəndinin hər cığırı bir ömür yoludur. Elə bil ki, o, Hullley dağının, Gökçə dağın, Böyük Ağbaba dağının vüqarını süzüb ürəyinə doldurub, o dağların dumanını gözlərində, sərtliyini isə xarakterində yaşadır. Onun sükutu da, söhbəti də o uca dağların əks-sədası kimidir – təmkinli, ağır və bir o qədər də səmimi. Mayor Həsənovun taleyi bir top mərmisinin hədəfə doğru dürüst trayektoriyası kimidir; heç vaxt əyilməyən, hər zaman dik və birbaşa haqqa yönələn bir ömür yolu...


Millət vəkili Əziz Ələkbərlinin "kristal adam" adlandırdığı bu şəxsiyyət, peşəkar bir topçudur. Bir artilleriyaçı kimi o, düşmən hədəflərini sarsıdan zərbələrin müəllifi, I Qarabağ müharibəsinin odlu-alovlu səngərlərinin şahididir. Müharibənin dondurucu soyuğunda, barıt qoxulu günlərində döyüş dostlarını öz əlləri ilə şəhidlik məqamına, ana torpağın ağuşuna tapşırıb. Məhz o itkilər, o acı xatirələr mayor Həsənovun qəlbində elə bir yara açıb ki, 34 ildir 26 fevralı — Xocalı fəryadının ucaldığı günü özünə bayram rəva bilmir. Şəxsi sevincini millətin ortaq kədəri içində əritmək hər kəsin yox, yalnız belə böyük ürəkli insanların ucalığıdır.



Bu gün Əbdüləli müəllim öz zəngin hərbi təcrübəsini və sarsılmaz iradəsini Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, doğma yurd yerlərimizə qayıdış amalına həsr edib. O, sadəcə bir sektor müdiri deyil, o, qayıdış hərəkatının mənəvi sütunu, sarsılmaz qayasıdır.



Ey Ağbaba-Şörəyel ellərinin qeyrətli oğlu, cənab Mayor!
Sən bu gün ad gününü qeyd etməsən də, sənin varlığın özü bu millət üçün bir bayramdır! Sənin 60 illik ömür zirvən — Qaragüneyin vüqarı, Qaraçantanın bərəkəti, Azərbaycan əsgərinin polad iradəsidir!
Qoy sənin topçu dəqiqliyin hər zaman hədəfi vursun, qəlbindəki Vətən atəşi heç vaxt sönməsin! Sən şəxsi sevincini şəhidlərimizin ruhuna qurban verən fədakar fədaisən.Sənin bu 60 illik ömür zirvən, əslində bir artilleriya mayorunun hədəfi dürüst nişan alan sarsılmaz iradəsidir. Qoy fevralın bu soyuq günü sənin daxili istinlə, Vətən sevginlə isinsin. Arzu edirik ki, taleyin növbəti naxışları səni doğma Qaraçanta kəndinin bahar çiçəklərinə qovuşdursun, Qaragüney dağının başındakı dumanlar sənin qələbə müjdəli sevincinlə dağılsın. Sənin ad gününü qeyd etməkdən keçdiyin o uca məqam, əslində mənəviyyatın ən yüksək zirvəsidir. Ömrün Şörəyel düzü kimi bərəkətli, ruhun Ağbaba yaylaqları kimi təmiz, qətiyyətin isə sarsılmaz Azərbaycan ordusunun polad zərbəsi kimi əbədi olsun!
60 illik yubileyin mübarək, vicdan və qeyrət Qalamız! Sənin kimi "kristal insanlar" bu xalqın mənəvi pasportudur. Var ol, uca ol, Vətən oğlu!

Şəmsi Qoca



Избранный
15
aia.az

1Источники