RU

"Memorialın açılışındakı açıq və subliminal mesajlar münaqişələri qızışdıran qüvvələrə mühüm bir cavabdır"

"Bu gün Azərbaycan xalqı böyük kədər hissi ilə Xocalı soyqırımı faciəsinin 34-cü ildönümünü yad edir. Bu münasibətlə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının rəsmi açılışı olub. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bu memorial şübhəsiz ki, Azərbaycan xalqının qan yaddaşına əbədi yazılmış böyük faciələrə həsr olunan olduqca vacib bir abidədir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Azər Allahverənov Xocalı soyqırımı günündə Xocalı şəhərində dövlət başçısının iştirakı ilə Xocalı Soyqırımı Memorialının açılışından danışarkən bildirdi.  

O qeyd etdi ki, xalqımız tarix boyu müxtəlif dövrlərdə çoxsaylı faciələr yaşayıb:

"1905-ci il hadisələri, 1918-ci ilin Mart soyqırımı, 1948-1953-cü illərdəki deportasiyalar buna misaldır. Müasir dövrümüzdə isə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və törədilən soyqırımı aktları yaddaşımızda dərin izlər buraxıb. Lakin bu faciələr zamanı həlak olan vətəndaşlarımızın qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə cəmi 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya rejimi bütün suveren torpaqlarında tam bərqərar oldu və işğalçılar torpaqlarımızdan qovuldu. Torpaqlarımız azad olunduqdan sonra erməni cinayətkar ünsürlərin kütləvi məzarlıqlarda izini itirmək istədiyi vətəndaşlarımızın qalıqlarının aşkar olunması, bizə qarşı törədilən cinayətlərin əsl mahiyyətini və miqyasını daha təfərrüatlı şəkildə görməyə şərait yaratdı. Bu gün artıq şəhidlərimizin qisası alınıb, Xocalıda xocalıların qayıdışı baş verir və bütün azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır".

Millət vəkili əlavə etdi ki, memorialın açılışında iştirak edən dövlət başçısının Xocalı və Xocavənd sakinləri ilə görüşləri zamanı verdiyi mühüm mesajlar birbaşa Azərbaycanın sülh siyasəti ilə bağlıdır.

"Biz öz qan yaddaşımız olan Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu memorial həm qurbanların xatirəsini əbədiləşdirmək, həm tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq, həm də milli yaddaşı qorumaq məqsədilə yaradılıb. Abidədə əks olunan göyərçin rəsmləri və quraşdırılmış xüsusi instalyasiyalar dünyanın müxtəlif qütblərinə ünvanlanmış bir sülh mesajıdır. Azərbaycan hər zaman sülhün tərəfdarı olsa da, ona başqa seçim buraxılmamışdı. 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan 2020-ci ildə revanşist ideologiyadan ilhamlanaraq "yeni torpaqlar uğrunda müharibə" xulyasına düşsə də, Azərbaycan xalqı buna tutarlı cavab verdi və 2023-cü ildə prosesin son nöqtəsini qoydu. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında regionda yeni bir siyasi reallıq yaratdı. Bu reallığın əsasını Azərbaycanın irəli sürdüyü beş sülh prinsipi təşkil edir. Məhz bu siyasətin nəticəsində mühüm beynəlxalq razılaşmalar əldə olundu, bədnam 907-ci düzəliş aktı dayandırıldı və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyuldu. Prezidentin dediyi kimi, Azərbaycan separatçılığın cənazəsinə son mismarı 2023-cü ildə vurdu. İndi biz sülh quruculuğu prosesini özündə ehtiva edən tamamilə yeni bir dövrə qədəm basmışıq. Azərbaycan separatçılığa son qoymaqla Cənubi Qafqazda bir sabitlik adası yaratmağa müvəffəq oldu".

Azər Allahverənov qeyd etdi ki, memorialın açılışındakı açıq və subliminal mesajlar münaqişələri qızışdıran qüvvələrə mühüm bir cavabdır:

"Dövlət başçısının da qeyd etdiyi kimi, əgər Ermənistanın 30 illik işğalçılıq siyasəti olmasaydı Cənubi Qafqaz bu gün daha yüksək inkişaf səviyyəsində olardı. İşğal nəticələrini aradan qaldırmaq üçün xərclənən milyardlarla vəsait iqtisadiyyata yönəldilsəydi, bu həm Azərbaycan, həm də Ermənistan üçün daha böyük fayda gətirərdi. Təəssüf ki, Ermənistan tərəfi qonşusundan heç bir təhlükə görmədiyi halda ədalətsiz müharibəyə, kütləvi qırğınlara, mədəni irsin dağıdılmasına və ekoloji terrora üstünlük verdi. Lakin Azərbaycan əsgərinin qətiyyəti bu siyasətə son qoydu və gələcək nəsillərin rifahı üçün əlverişli fundament yaratdı. Bu gün Azərbaycan regionun gələcəyini düşünərək dünyaya öz sülh fəlsəfəsini təqdim edir. Bu siyasətin ana qayəsini sülh baxışı, təhlükəsiz şəraitdə birgəyaşam və qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir".

Xədicə BAXIŞLI

Избранный
37
redaktor.az

1Источники