RU

Xocalıda qətlə yetirilmiş yüzlərlə insanın faciəsi yaddaşlardan heç vaxt silinməyəcək

Bakı, 26 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə institutun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib ki, 1992-ci il fevralın 26-da Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri yazılıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədib. Otuz dörd il öncə Xocalıda yaşanmış bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi.

“Ən böyük təskinliyimiz odur ki, torpaqlarımız işğaldan azad edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz Xocalının qisasını döyüş meydanında aldıq. Xalqımızın başına gətirilən faciələrin bir daha yaşanmaması üçün hər birimiz dövlətçiliyimizin yanında olmalı, onun artan gücünə töhfə verməli və bu faciəni heç vaxt unutmamalıyıq. Bütün Qarabağda olduğu kimi, Xocalıda da genişmiqyaslı bərpa-quruculuq işləri gedir və keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar”, - deyə professor qeyd edib.

Digər çıxış edənlər vurğulayıblar ki, bu soyqırımı ermənilərin əsil milli kimliyini ortaya qoyub. Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. Səkkiz ailə tamamilə məhv edilib, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirib, yüzlərlə insan şikəst olub, əsir götürülüb, 150 nəfərin taleyi bu günə qədər məlum deyil. O gecə qətlə yetirilmiş yüzlərlə insanın faciəsi yaddaşlardan heç vaxt silinməyəcək.

Избранный
17
1
azertag.az

2Источники