RU

Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Bakı, 26 fevral, Pərvanə Qafarova, AZƏRTAC

26 Fevral - Xocalı soyqırımı yalnız Azərbaycan tarixinin qanlı səhifəsi deyil, bütöv bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsidir. Mülki əhaliyə qarşı zorakılıq, qadın və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir və bu cür cinayətlərə obyektiv hüquqi-siyasi qiymət verilməsi ədalətin bərpası baxımından vacibdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli deyib: “Bu gün Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Xocalı Soyqırımı Memorialı Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır. Bu Memorial təkcə 1992-ci ildə baş vermiş faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi deyil, eyni zamanda ədalətin, həqiqətin və tarixi yaddaşın qorunmasına xidmət edən mənəvi bir abidədir.

Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür”.

Nədimə Rəhimli vurğulayıb ki, Vətəndaş cəmiyyəti olaraq əsas vəzifə də tarixi faktların təhrif olunmasının qarşısını almaq, gənc nəsildə düzgün tarixi yaddaşı formalaşdırmaq, beynəlxalq platformalarda obyektiv məlumatlandırma aparmaqla insan hüquqları və humanitar hüququn aliliyini müdafiə etməkdir.

“Xocalı qurbanlarının xatirəsi qarşısında borcumuz beynəlxalq hüquqi mexanizmlərin işə salınması və belə faciələrin təkrarlanmaması üçün qlobal həmrəyliyin gücləndirilməsinə çalışmaqdır”, - deyə Nədimə Rəhimli əlavə edib.

Избранный
19
1
azertag.az

2Источники