Zaqreb, 26 fevral, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqrebdə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Xorvatiyanın sabiq prezidenti Stepan Mesic, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq humanitar hüquq üzrə ekspertlər və beyin mərkəzlərinin təmsilçiləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək bildirib ki, 1992-ci ilin fevralında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, beynəlxalq humanitar hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına qarşı yönəlmiş ağır cinayətdir. O vurğulayıb ki, insanlığa qarşı törədilmiş cinayətlərə düzgün siyasi və hüquqi qiymətin verilməsi gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır.
Səfir beynəlxalq humanitar hüququn və mülki əhalinin müdafiəsinin təmin olunması istiqamətində birgə səylərin gücləndirilməsinə çağıraraq, Xocalı hadisələrinə obyektiv və ədalətli hüquqi-siyasi qiymətin verilməsinin beynəlxalq ictimaiyyətin mənəvi borcu olduğunu qeyd edib. Diplomat bu kimi faciələrin gələcəkdə təkrarlanmaması üçün beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə videobağlantı vasitəsilə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən ağır və faciəli hadisələrdən biri olduğunu, milli yaddaşda silinməz iz qoyduğunu bildirib. O qeyd edib ki, bu faciə yalnız bir şəhərin deyil, bütöv bir xalqın taleyinə vurulmuş ağır zərbədir. Fariz İsmayılzadə Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılmasının təkcə tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və beynəlxalq ictimaiyyəti bu məsələyə obyektiv yanaşmağa, ədalətin təmin olunmasına dəstək verməyə çağırıb.
Tədbirdə çıxış edən Türkiyənin Xorvatiyadakı səfiri Hayriye Nurdan Erpulat Altuntaş, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IRMO) məsul üzvü, müstəqil ekspert Kreşevan Antun Duymoviç, Pula Universitetinin professoru Branimir Vidmaroviç, Avropa Elm və İncəsənət Akademiyasının üzvü Pavo Barişiç, beynəlxalq hüquq üzrə ekspert Denis Avdagiç, Zaqreb Universitetinin Siyasi Elmlər Fakültəsinin professoru Jana Luşa, həmçinin Zaqreb Universitetinin tələbəsi, Xorvatiya universitetlərində keçirilmiş Xocalı soyqırımı ilə bağlı esse müsabiqəsinin qalibi Anjela Veroviç çıxışlarında Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu faciəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ədalət prinsiplərinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər Xocalı soyqırımı ilə yanaşı, dünya tarixində baş vermiş digər soyqırımlardan və kütləvi qətliam hadisələrindən ciddi nəticələr çıxarılmasının vacibliyini qeyd edərək, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması məqsədilə beynəlxalq mexanizmlərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Vurğulanıb ki, bu kimi ağır cinayətlərə həm siyasi, həm də hüquqi müstəvidə dolğun və prinsipial qiymətin verilməsi, effektiv preventiv tədbirlərin müəyyənləşdirilməsi qlobal sülhün, təhlükəsizliyin və ədalətin təmin olunmasının əsas şərtlərindəndir.
Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, həmçinin səfirlik tərəfindən xorvat dilində nəşr olunmuş kitab iştirakçılara təqdim edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb