Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır, bu, gələcəkdə belə cinayətlərin qarşısının alınması üçün lazımdır.
"Far.Az"un Rusiya bürosu xəbər verir ki, diplomat bunu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxış edərkən deyib.
O, faciənin ildönümünün xüsusi şəraitdə - Azərbaycan xalqına qarşı cinayətlərin təşkilatçıları olan keçmiş separatçı rejimin liderlərinin Bakı Hərbi Məhkəməsi tərəfindən məhkum edildiyi bir vaxtda qeyd olunduğunu vurğulayıb.
"Ədalət bərqərar oldu, lakin Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır. Bu, gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün vacibdir", - diplomat bildirib.
R.Mustafayev xatırladıb ki, 1992-ci ilin 25-26 fevralında Xocalıda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, 613 dinc sakin qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, bir sıra sakinlərin taleyi hələ də məlum deyil. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Justice for Khojaly" beynəlxalq kampaniyasından da danışıb. Onun sözlərinə görə, 2010-2024-cü illərdə 18 ölkənin parlamentləri Xocalı hadisələrini kütləvi qırğın və insanlığa qarşı cinayət kimi pisləyiblər.
O, 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasından sonra Qarabağ bölgəsində, o cümlədən Xocalıda genişmiqyaslı bərpa işlərinin davam etdirildiyini vurğulayıb. Diplomatik missiyanın rəhbəri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunub.
R.Mustafayev Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətinə diqqət çəkərək, respublikamızın dünyada ən çox minalanmış ölkələr sırasında olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qarabağda və ətraf ərazilərdə bir milyondan çox mina basdırılıb, bu, Azərbaycan ərazisinin təxminən 13 %-idir.
Hazırda minalanmış ərazilərin 20 %-dən çoxu təmizlənib, 63 minə yaxın mina zərərsizləşdirilib, Azərbaycan dünyada münaqişədən sonra ən genişmiqyaslı minalardan təmizləmə proqramlarından birini həyata keçirir.
Tədbir Xocalı faciəsi hadisələri haqqında sənədli filmin, həmçinin ANAMA-nın fəaliyyətinə həsr olunmuş yeni sənədli filminin qısaldılmış versiyasının nümayiş olunması ilə başa çatıb. Qonaqlar həmçinin Xocalı soyqırımına həsr olunmuş fotosərgi və kitab ekspozisiyası ilə tanış olublar.