Serbiya və Amerika Birləşmiş Ştatları münasibətləri qarşılıqlı hörmət və anlaşmaya əsaslanan strateji dialoq səviyyəsinə yüksəltmək perspektivi ilə daha möhkəm və güclü tərəfdaşlıq mərhələsinə qədəm qoyur.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç Vaşinqtona səfərinin yekunlarına əsasən bildirib.
M.Curiç qeyd edib ki, mövqelərin yüksək səviyyədə üst-üstə düşdüyü və Serbiyanın xüsusilə regionda sabitliyin qorunması, iqtisadi inkişaf və Serbiya xalqının təhlükə altında olduğu yerlərdə hüquqlarının müdafiəsi məsələlərində mövqeyinə anlayış göstərildiyi təsdiqlənib. O bildirib ki, Kosovo və Metohiyada yaşayan serblərin vəziyyəti, onların hüquqlarının qorunmasının zəruriliyi, eləcə də daha geniş regional məsələlər, o cümlədən Bosniya və Herseqovinadakı durum və ayrı-ayrı xarici aktorların təsiri müzakirə olunub.
Nazirin sözlərinə görə, Serbiya Vaşinqtonda hörmətlə qarşılanır və onun mövqeləri nəzərə alınır, həmçinin əməkdaşlığın inkişafı istiqamətində aydın iradə mövcuddur. O əlavə edib ki, Prezident Aleksandar Vuçiç də sabitlik amili və Serbiya ilə ABŞ arasında münasibətlərin inkişafına töhfə verən şəxs kimi qəbul olunur. Son üç onillikdə iki ölkənin mövqelərinin hər zaman eyni olmadığını qeyd edən Cüriç hesab edir ki, hazırkı Amerika administrasiyası ilə münasibətlərin daha da inkişafı üçün imkan yaranıb.
Səfər ətrafında səsləndirilən tənqidlərə toxunan Cüriç milli maraqların zərərinə guya güzəştlər edilməsi barədə iddiaları əsassız və qərəzli adlandırıb. O xatırladıb ki, Serbiya ilə ABŞ arasındakı münasibətlər keçmişdə ən aşağı səviyyədə olub və ABŞ dövlət katibi ilə qısa görüşün, eləcə də Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin əsas nümayəndələri ilə aparılan danışıqların baş tutması Serbiyaya verilən əhəmiyyətin göstəricisidir.