RU

Açıq müharibə elan edildi

Pakistan sərhəd bölgəsində artan toqquşmalardan sonra bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil, eləcə də Qəndəhar və Paktia vilayətlərinə hava zərbələri endirib. 

2025-ci ildə imzalanmış atəşkəs razılaşması son hücumlarla faktiki olaraq ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistanın müdafiə naziri Kavaja Asif sosial şəbəkədə paylaşım edərək səbrin tükəndiyini bildirib: “Artıq aramızda açıq müharibə var”.

Kabil şəhərində yerli vaxtla saat 01:50 radələrində ən azı üç güclü partlayış səsi eşidilib, Əfqanıstanın hava hücumundan müdafiə sistemləri cavab atəşi açıb.

Pakistan ordusu “Qazab Lil Hak” (“Haqlı Qəzəb”) adlı əməliyyat çərçivəsində 130-dan çox "Taliban" döyüşçüsünün öldürüldüyünü, çoxsaylı hərbi mövqe və sursat anbarlarının məhv edildiyini bildirib.

Pakistanın informasiya naziri Attaullah Tarar Kabil şəhərində briqada qərargahlarının da hədəf alındığını açıqlayıb.

Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyi cümə axşamı gecəsi sərhəd xəttində həyata keçirdikləri hücumlarda 55 Pakistan əsgərinin öldürüldüyünü və bəzi hərbçilərin əsir götürüldüyünü iddia edib.

Pakistan tərəfi isə əsir götürülmə iddialarını təkzib edərək itkilərinin iki əsgərlə məhdudlaşdığını bildirib.

Toqquşmaların mərkəzində qalan mülki əhali sərhəd bölgələrindən təxliyə olunmağa başlayıb. Torxam sərhəd-keçid məntəqəsi yaxınlığındakı qaçqın düşərgəsinə düşən minaatan mərmiləri və raketlər nəticəsində qadın və uşaqlar da daxil olmaqla, çox sayda mülki şəxsin yaralandığı bildirilib.

BMT-nin Baş katibi António Quterres tərəfləri beynəlxalq hüquqa əməl etməyə və mülki əhalini qorumağa çağıraraq, gərginliyin diplomatik yollarla azaldılmasının vacibliyini vurğulayıb.

Избранный
92
11
cebheinfo.az

10Источники