"Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd etdiyi vacib məqamlardan biri də məhz artıq Azərbaycanın 1992-ci ilin Azərbaycanı olmaması və bu gün dövlətimizin güclü, özünü müdafiə etməyə qadir olan dövlət olması ilə bağlı idi".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir: "Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi çağrışlara rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib.
Cənab Prezidentin Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd etdiyi uğurlar özünü iqtisadi sferada da göstərməkdədir. 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib”.