1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Soyqırımın 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu abidə ilk növbədə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını daşıyır. Xocalı qurbanlarının xatirəsinin doğma torpaqda ucaldılan abidə ilə yad edilməsi milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının rəmzidir. Bu cür komplekslər gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin unudulmamasını təmin etmək və “bir daha təkrarlanmasın” mesajını ötürmək baxımından xüsusi rol oynayır.
Memorial Kompleks tarixi həqiqətlərin beynəlxalq müstəvidə təsdiqi baxımdan da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev də kompleksin açılış mərasimində bəyan etdi ki, “əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Bu kontekstdə “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” çərçivəsində soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olunub. Ərazi bütövlüyü və suverenliyini bərpa edən, şəhidlərimizn qisasını döyüş meydanında alan Azərbaycan həm də əli Xocalı sakinlərinin qanına batmış caniləri ədalət mühakiməsinə cəlb etməyə nail olub. Bu isə tam və mütləq qələbənin göstəricisidir.
Xocalı Memorial Kompleksi həm də beynəlxalq qonaqlar, diplomatlar və tədqiqatçılar üçün faktlar mənbəyidir. Bu, informasiya müharibəsi şəraitində tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq.
Təbii ki, Xocalıda belə bir kompleksin məhz hadisələrin baş verdiyi ərazidə inşa olunması xüsusi simvolik məna daşıyır. Cənab Prezident Xocalı sakinləri ilə görüşdə kompleksin inşasının uzun müddət əvvəl nəzərdə tutulduğunu, lakin yubanmasının səbəbini də açıqladı. Belə ki, abidənin məhz Xocalıda inşa olunması hər zaman qarşıda duran prioritet olub. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı heç vaxt şübhə yeri olmadığını təsdiqləyir.
Xocalıda Memorial Kompleksi Azərbaycan xalqının qan yaddaşını, qürurunu və ədalətə inamını bir məkanda birləşdirən tarixi simvol kimi gələcək nəsillərə xidmət edəcək.