Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Milli Məclis məhkumun cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğin ilk növbədə onun əməkhaqqından tutulması haqda dəyişikliyi üçüncü oxunuşda qəbul edib.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası ilə bağlı hökm onu çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir.
Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud bu qazanc cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir. Bu zaman "İcra haqqında" Qanunun borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.
Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun əməkhaqqı və ya başqa qazancı, xüsusi mülkiyyətində əmlakı, ümumi mülkiyyətdə payı, digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilən bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.