RU

Azərbaycanı Nigeriya və Qabonun taleyi gözləyir? İqtisadçı izah edir

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Keçmiş maliyyə naziri Saleh Məmmədovun açıqlaması müzakirələrə səbəb olub. O deyib ki, Azərbaycan iqtisadiyyatını Nigeriya və Qabonun taleyi gözləyir.

Sitat:

“Statistika Komitəsi 2026-cı ilin birinci ayının iqtisadi və sosial inkişaf nəticələrini elan etmişdir. Proqnozlar işlənilən və qəbul olunan vaxtdan bəri, hər zaman təsdiq etdiyimiz kimi, nəticələr də SOS siqnalı vericidir. Qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib. İl boyu yerinə yetirilməsi də mümkün deyil. Çünki proqnozda heç bir iqtisadi və sosial göstərici bir-biri ilə uzlaşmır, daimi olaraq biri digərini inkar edir, hər şey sanki düşmən iqtisadiyyatının çökdürülməsinə hesablanıb. Məcazi olaraq desək, sovet dövründə olduğu kimi, vəsait veriləndə material təchizatı kəsilir, təchizat veriləndə pul vəsaiti kəsilir”.

Bəs deyilənlər nə dərəcədə realdır? 

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, ümumilikdə iqtisadi proqnozlar mütləq göstərici hesab edilmir.

“Hər bir proqnozun müəyyən icra xəta nisbəti dərəcəsi mövcuddur. Bu baxımdan hazırda nəzərdə tutulan göstəricilərdən müəyyən qədər icra olunmaması beynəlxalq təcrübədə də kənara çıxmır. Bu, əhəmiyyətli geriləmə kimi qiymətləndirilə bilməz. Sözsüz ki, proqnozlar aylar üzrə təqdim olunsa da, onların nəticələri ümumi illik göstəricilərdə nəzərə alınır. Bəzi hallarda icra olunmayan göstəricilər növbəti aylarda kompensasiya edilir. Hətta müəyyən dövrlərdə proqnozlardan daha yüksək nəticələr də əldə olunur”.

İqtisadçı qeyd edib ki, proqnozlar, ümumiyyətlə, orta göstəricilər əsasında müəyyənləşdirilir:

“Bu baxımdan bir ayın göstəricilərinə əsaslanaraq hər hansı ciddi böhrandan və ya staqnasiyadan danışmaq tezdir. Ölkəmizin yanvar ayı üzrə makroiqtisadi göstəriciləri və ÜDM artımı, inflyasiya səviyyəsi stabildir, idxal-ixrac saldosunda isə müsbət meyllər müşahidə olunur. Eyni zamanda, yanvar ayında qeyri-neft sektorunda da müəyyən artımlar qeydə alınıb. Bu isə onu deməyə əsas verir ki, iqtisadi proseslər ciddi artım tempi göstərməsə də, ümumi sabitlik qorunur”.

E.Kərimli əlavə edib ki, hazırda hər bir iqtisadiyyatda müəyyən dalğavari dinamika müşahidə edilir:

“Buna müxtəlif amillər təsir göstərə bilər. Bu, həm də dünya iqtisadiyyatında mövcud vəziyyətlə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda yanvar ayında qeydə alınan müəyyən geriləmə mövsümi xarakter daşıyır. Belə ki, ilin əvvəlində bəzi dövlət xərclərinin tam icra olunmaması, proqnoz və satınalma planlarının hələ başlanmaması iqtisadi aktivliyə təsir göstərir. Bu baxımdan ölkəmizin adıçəkilən dövlətlərlə müqayisəsi reallığı əks etdirmir. Həmin ölkələrdə ciddi idarəetmə və struktur problemləri mövcuddur və onlarda Neft Fondunun gəlirlərinin səmərəli istifadəsində böyük çətinliklər yaşanır.

Hazırda ölkəmizdə həm maliyyə, həm də təhlükəsizlik yastığı mövcuddur. Digər tərəfdən, xarici borclanmanın səviyyəsi də bunu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında proqnozlaşdırılan artım yekunda öz əksini tapacaq və icra olunacaq. Eyni zamanda, yanvar ayında inflyasiyanın sabit qalması qeyd olunan inkişaf proqnozlarının icrasına mənfi təsir göstərir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники