RU

Aleksandr Oxrimenko: Xocalıda baş verənlər dinc əhaliyə qarşı törədilmiş açıq soyqırımıdır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Xocalı soyqırımı bütün Azərbaycan xalqının ümummilli faciəsidir. Amma təəssüf ki, beynəlxalq aləm bu faciəyə lazımi diqqət göstərməyib.

Bunu ukraynalı politoloq Aleksandr Oxrimenko AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qətliamın beynəlxalq ictimaiyyət tərəfindən görməzdən gəlinməsi açıq-aşkar ikili standartların təzahürüdür: “Ermənistanın Azərbaycana qarşı apardığı müharibə zamanı baş vermiş real cinayətlərə beynəlxalq siyasətdə göz yumulur. Bu isə çox təhlükəli yanaşmadır”.

Aleksandr Oxrimenko qeyd edib ki, bəzi beynəlxalq səviyyəli siyasətçilər müharibəni və erməni silahlı dəstələrinin törətdiyi ağır cinayətləri ört-basdır etməyə, onları haqq qazandırmağa çalışırlar. Bu, bir çox siyasətçilərin ciddi problemidir. Onlar soyqırımı faktlarını görmək istəmir, həqiqəti qəbul etməkdən yayınırlar.

Politoloqun fikrincə, Xocalı soyqırımının beynəlxalq siyasətdə lazımi qiymət almaması bir daha göstərir ki, bəzi dairələr reallığı deyil, özlərinə sərf edən yalanı üstün tuturlar: “Xocalıda baş verənlər təsadüfi hadisə və ya xırda insident deyil, dinc əhaliyə qarşı törədilmiş açıq soyqırımıdır. Qadınların, uşaqların, qocaların öldürülməsi faktı mövcuddur və bunu inkar etmək mümkün deyil”.

Aleksandr Oxrimenko vurğulayıb ki, bu cür yanaşma yalnız Azərbaycanla bağlı deyil, beynəlxalq siyasətdə ümumi tendensiyadır: “Təəssüf ki, oxşar vəziyyət bu gün Ukrayna ilə bağlı məsələlərdə də müşahidə olunur. Rusiya hərbi birləşmələrinin törətdiyi real cinayətlər ya susdurulur, ya da sanki baş verməmiş kimi təqdim edilir. Bu isə beynəlxalq siyasətdə həqiqətə deyil, maraqlara söykənən yanaşmanın bariz nümunəsidir”.

Ukraynalı politoloq hesab edir ki, Xocalı soyqırımı kimi ağır cinayətlərə obyektiv və ədalətli münasibət göstərilmədən beynəlxalq hüququn etibarı və bəşəri dəyərləri qoruna bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
2
azertag.az

3Источники