RU

Maaş və sosial ödənişlərlə bağlı XƏBƏR – Dəyişiklik olacaq

Azərbaycanda maaş və sosial ödənişlərin verilməsi mexanizmində mühüm dəyişiklik nəzərdə tutulur. Yeni təşəbbüsə əsasən, vətəndaşlar müavinət və əməkhaqlarını istədikləri bank vasitəsilə ala biləcəklər. Bu isə bank seçimində sərbəstliyin tətbiqi deməkdir və uzun illərdir formalaşmış mövcud praktikanın dəyişdirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.

Məsələ 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapıb və hazırda bank sektoru ilə aidiyyəti dövlət qurumları tərəfindən texniki və təşkilati hazırlıq işləri aparılır. İlkin mərhələdə əməkhaqqı ödənişlərinin vətəndaşın seçimi əsasında həyata keçirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Paralel olaraq modelin formalaşdırılması, bank sistemləri arasında inteqrasiya mexanizmlərinin razılaşdırılması və əməliyyat təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişiklik ilk növbədə vətəndaşların hüquqlarının genişləndirilməsi baxımından müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, hazırkı sistemdə vətəndaşların müəyyən banklara yönləndirilməsi faktiki olaraq seçim imkanlarını məhdudlaşdırırdı. Yeni mexanizm isə bazar prinsiplərinə daha uyğun yanaşma hesab oluna bilər: “Bank seçimində sərbəstlik rəqabəti gücləndirəcək. Rəqabətin artması isə öz növbəsində xidmət haqlarına, komissiyalara və ümumilikdə bank xidmətlərinin keyfiyyətinə təsir göstərə bilər. Banklar daha çox müştəri cəlb etmək üçün daha sərfəli şərtlər, aşağı komissiyalar və daha keyfiyyətli rəqəmsal xidmətlər təqdim etməyə çalışacaqlar. Bu isə uzunmüddətli perspektivdə maliyyə sektorunun sağlam inkişafına töhfə verə bilər. Təşəbbüs maliyyə inklüzivliyinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə regionlarda fəaliyyət göstərən banklar və ya yeni rəqəmsal bank xidmətləri üçün əlavə imkanlar yarana bilər. Vətəndaşlar özlərinə daha yaxın filialı olan, daha əlverişli şərtlər təqdim edən və ya tam onlayn xidmət göstərən bankı seçmək imkanı əldə edəcəklər. Bu da bank sektorunda innovasiyaların sürətlənməsinə təkan verə bilər”.

Bununla yanaşı, ekspert vurğulayır ki, sistemin tətbiqi mərhələli və ehtiyatlı şəkildə aparılmalıdır: “Texniki inteqrasiya, məlumat təhlükəsizliyi, ödənişlərin gecikməməsi və sistem sabitliyi əsas prioritetlər sırasında olmalıdır. Əks halda ilkin mərhələdə texniki problemlər və ya əməliyyat çətinlikləri yarana bilər ki, bu da vətəndaş narazılığına səbəb ola bilər”.

Tunar
NOCOMMENT.az

Избранный
31
nocomment.az

1Источники