Mərkəzi Bankın hesabatına görə, 2026-cı ilin yanvarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 2,769 milyon manat olub. Bu, əvvəlki ilin yanvarı ilə müqayisədə 1,145 milyon manat və ya 29,3% azdır. Bəs daşınmaz əmlakın icbari sığortasına maraq niyə azalıb?Sığorta eksperti Emil Ağabağırov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak sığortasının azalmasının bir neçə səbəbi ola bilər. Bunlardan biri ipoteka müqavilələri və ya digər daxili kreditlər üzrə girovda olan əmlakların bir neçə illik sığortalanmasıdır: “Məsələn, şəxs bu il simvolik olaraq 100 manat ödəyib əmlakını 3 illik sığortalayırsa, növbəti illərdə yenidən sığorta etdirməsinə ehtiyac qalmır. Azalmanın səbəblərindən biri məhz bu amil ola bilər. Digər səbəb isə sığortalanmış qeyri-yaşayış obyektinin fəaliyyətini dayandırması və ya istiqamətini dəyişməsidir. Məsələn, sahibkar fiziki obyekti bağlayaraq onlayn satışa keçə bilər və artıq obyekt saxlamadığı üçün sığortaya ehtiyac duymaya bilər. Bu kimi hallar da ümumi göstəricilərin azalmasına təsir göstərə bilər”. Ekspertin sözlərinə görə, mənzillərlə bağlı da oxşar vəziyyət mümkündür: “Bəzi vətəndaşlar əvvəlki illərdə əmlakını sığortalasa da, cari ildə hələlik bu addımı atmaya bilər və ya bunu növbəti aylara planlaşdıra bilər”. Sevinc İbrahimzadə / Metbuat.az