RU

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında...

Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub.

Publika.az xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.

Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir.

Mərkəz 2005-ci ildə yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Избранный
18
publika.az

1Источники