RU

AMEA-nın saytındakı ChatGPT ilə hazırlanmış yazıya RƏSMİ REAKSİYA — Qəbahət deyil

Xəbər verdiyimiz kimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin adından qurumun rəsmi saytında yayımlanan “Dezinformasiya və yaxud AMEA-ya məqsədyönlü və qərəzli informasiya hücumu haqqında bir neçə söz” sərlövhəli yazının süni intellekt vasitəsilə hazırlandığı iddia edilir. Yazıda konkret olaraq “ChatGPT”nin stili öz əksini tapıb. Belə ki, fəlsəfə doktoru “ChatGPT”dən istifadə edərək mövzuya uyğun suallar ünvanlayıb və aldığı cavabları öz imzası ilə ictimaiyyətə təqdim edib. İmza ilə yanaşı, AMEA-nın rəsmi saytındakı yazıda alimin fotosu da əks olunub. “ChatGPT”nin özü isə alimin “yazısını”nın süni intellekt məhsulu olması ehtimalını 70-85 faiz kimi dəyərləndirib. Analizdə emosional keçidlərin süni göründüyü, fərdi mövqenin zəif olduğu vurğulanıb. Bundan başqa, emosional hissə ilə akademik hissə arasında üslub fərqi zəif olduğu bildirilib.

Bu barədə texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Demokrat.az-a açıqlamasında deyib ki, “ChatGPT”dən istifadə qadağa deyil və hər kəs ondan leqal şəkildə yararlana bilər:

“Yəni internetin bu gün təklif etdiyi intellektual xidmətlərdən biri də "chatbotlar" tərəfindən verilən xidmətlərdir. Hər kəs onsuz da “Google”da hansısa sorğunu verəndə ilkin olaraq sənə cavab verir. Ona görə də burada qəbahət görmürəm. Problem yalnız elmi etikanın pozulması ilə bağlıdır. Əgər tədqiqatçı “ChatGPT”nin hazırladığı materialı götürüb öz adı ilə təqdim edirsə, bu plagiatlıqdır və elmi etikaya ziddir. Amma "chatbot"lardan xammal kimi istifadə edib öz üzərində düşünmək, müqayisə aparmaq və nəticə çıxarmaq tamamilə düzgündür. Amma yenə də onun altından xüsusilə qeyd etmək istəyirəm ki, istənilən formada olan "chatbot"lardan istifadə etmək qadağa deyil. Bu açıq məlumatlardır. Yəni dünyagörüşü artırmaq və yaxud sən belə düşünürsən, “ChatGPT” belə düşünür, müqayisə kimi istifadə etmək olar.

Əgər sən leqal olaraq ondan istifadə edib adını yazmırsansa bu normaldır. Amma "ChatGPT"nin adından olan materialı götürüb öz adını yazmaq, bu elmi etikadan kənar, necə deyərlər, plaqatlığın bir başqa formasıdır. Bütün dünyanın baxışı bundan ibarətdir. Bizim institutda da məsəl üçün mənim tabeliyimdə olan gənc tədqiqatçılar istifadə eləyirlər. Açıq deyirlər ki, müəllim, bu sualları verdim mən “ChatGPT”yə, belə cavab verdi, mən isə bunu bu şəkildə düşünürəm. Əlbəttə ki, ona istinad edə bilərsən, ondan müəyyən bir xammal kimi istifadə edib onun üzərində düşünə bilərsən, inkişaf etdirə bilərsən. Elmi etika bunu belə tələb edir”.

Leyla Turan


Избранный
5
1
azia.az

2Источники