RU

Ürəyi Vətənə bağlı igid 

Vətən naminə odlardan keçib ölümsüzlüyə qovuşan qəhrəmanlardan  biri də  Biləsuvar rayonu Günəşli kəndində boya-başa çatan  Nihad  Akif oğlu Babayevdir. 29  yaşında  ulu torpağın bağrına zəfər bayrağı sancan  Nihadın adı indi  dillərdən düşmür.  

Onun ömür yolu qısa olsa da, Azərbaycan xalqı üçün qəhrəmanlıq simvoluna çevrilib. Qərinələr boyunca Nihad ürəklərdə yaşayacaq, gələn  nəsillər onun Vətənə, torpağa sevgisini özünə örnək biləcəklər. Ölümündən sonra təltif olunduğu "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", Xocavəndin və Füzulinin azadlığına görə medalları onun yüksəldiyi müqəddəslik zirvəsində sönməyən işıq olacaq.

Nihad Babayev məktəbdə oxuduğu zaman  hərb sahəsinə maraq göstərib.   15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağa dırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev yüksək peşəkar  kəşfiyyatçı təcrübəsinə  malik olmaqla, həm də  erməni, ingilis və rus dillərində  səlis danışmağı da bacarıb.

Nihad düşmənə ilk dəfə gücünü 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda göstərib. 3 gün eyni mövqedə erməni mayorun maşınını gözləyib və gəlib keçəndə onu snayperlə vurub. Od-alovun içərisində çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları ilə birgə iştirak etdiyi "Günnüt əməliyyatı" nəticəsində Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazi işğaldan azad olunub. 

44 günlük haqq savaşımız başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Vətən sevdalı qəhrəman  hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılmaq istəyini bildirib. Oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə onun da adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə hər zaman öndə gedib, ölümün gözünə dik baxıb. Qrup komandiri verilən döyüş tapşırıqlarını hərbçi yoldaşları ilə birlikdə böyük cəsarət və hünərlə yerinə yetirib. Yağının kabusuna çevrilməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb.

Nihad 44 günlük müharibənin düz 30 gününü hər an ölümlə üz-üzə qalmaqla düşmənə qarşı qəhrəmanlıqla vuruşub. Oktyabrın 29-da Füzulinin Yuxarı Veysəlli kəndinə yaxın  yüksəklik uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb.  Rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına təxminən 10 dəqiqə döyüşdükdən sonra şəhidlik zirvəsinə yüksəlib. 

Kapitan Nihad Babayev qısa, amma şərəfli ömür yaşadı. Canını Vətəninə fəda etməklə özündən sonra doğmalarına, el-obasına, bütöv  xalqına əbədi qürur  miras qoydu.

Zəfər ORUCOÜLU

Избранный
19
azerbaijan-news.az

1Источники