Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Transformasiyalar dövrünün meydana çıxardığı yeni çağırışlar həmçinin təhsili də əhatə edir. Təhsil hər bir ölkənin, xalqın gələcəyidir və bu sahəyə qoyulan investisiyalar gələcəyə yönəldilən sərmayələr anlamında qəbul olunur.
Təhsillə bağlı yeni çağırışlar isə təhsilalanlara nəzəri biliklərin verilməsi ilə yanaşı, peşə təhsilinin də inkişaf etdirlməsi ilə bağlıdır. Peşə təhsili müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynamaqla gəncləri bir növ həyata hazırlayır, gələcəkdə onların əmək bazarına inteqrasiyasını asanlaşdırır. Prezident İlham Əliyevin bu günlərdə regionlara növbəti səfəri çərçivəsində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışına qatılması bir daha təsdiqləyir ki, ölkəmizdə də peşə təhsilinin inkişafına dövlət səviyyəsində həssas yanaşma sərgilənir.
21 peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulur
İndiki dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da neft kapitalını insan kapitalına çevirməyi hədəfləyib. Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında bu istiqamətdə davamlı fəaliyyətlər həyata keçirilir. Təsadüfi deyil ki, Vətən müharibəsindən dərhal sonra, daha dəqiq desək, 2021-ci il fevralın 2-də təsdiqlənən 2030-cu ilədək sosial-iqtisadi inkişaf üçün müəyyən edilmiş milli prioritetlərin hər biri insan kapitalının inkişafını və sosial rifahın daha da yaxşılaşdırlmasını hədəfləyir. Ardıcıllıqla həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, təlim, tədris metodları təhsilin dövlət xərclərində də mühüm mövqedə dayanmasını şərtləndirir. Ölkənin dövlət büdcəsində təhsilə ayrılan xərclər ilbəil artırılır. Bunu son 22 ilin müqayisəli statistikasından da aydın şəkildə görmək mümkündür. Əgər 2003-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2025-ci il üçün bu sahəyə ayrılan vəsait 4,94 milyard manat olub. Ümumiyyətlə isə icra olunan strategiya və proqramlar çərçivəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərdə əhəmiyyətli artım özünü göstərir. Bütövlükdə son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib, təhsil ocaqları ən müasir tədris avadanlıqları ilə təchiz olunub. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Həmçinin son beş ildə “Böyük Qayıdış” proqramı çərçivəsində Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə də müasir təhsil infrastrukturunun qurulması diqqət mərkəzində saxlanılır.
Son illərdə isə Azərbaycanın təhsil siyasətində peşə təhsilinin inkişafına xüsusi diqqət göstərilir. Bunu qəbul olunan strateji sənədlərdə, o cümlədən 2022-2026-cı illərə aid sosial-iqtisadi inkişaf strategiyasında və “Böyük Qayıdış” proqramında peşə təhsili ilə bağlı mühüm müddəaların yer alması bir daha təsdiqləyir. Ölkəmizdə Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Peşə təhsilinin inkişafını dəstəkləmək məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) yaradılıb. Fond dövlət-özəl tərəfdaşlığını gücləndirmək, peşə təhsili müəssisələrinin infrastrukturunu müasirləşdirmək və innovativ layihələri maliyyələşdirmək funksiyasını həyata keçirir.
Burada vacib amillərdən biri də zəruri infrastrukturun qurulmasıdır. Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən, müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir. Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etməyə imkan verir. Bu zərurətdən çıxış edən Prezident İlham Əliyev 5 dekabr 2025-ci il tarixində “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilməlidir.
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı müvafiq proqramın uğurla icra edildiyinin əyani təsdiqidir. Xatırladaq ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Ölkə üzrə peşə təhsilinin əhatə dairəsi genişlənir
Hazırda artan tələbat nəzərə alınmaqla ölkə üzrə peşə təhsilinin əhatə dairəsinin genişləndilməsi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması qarşıya qoyulan əsas məqsədlər sırasında yer alır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, 2024-cü ildə peşə təhsili müəssisələrinə qəbul olanların sayı 24 800-ə çatıb, cari ildə isə bu rəqəmin təxminən 28 minə çatdırılması nəzərdə tutulur. Bundan başqa, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həm keyfiyyət, həm də məzmun baxımından zəruri işlər aparılır. O cümlədən hər il 15 tədris proqramının təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub.
Həmçinin dünya təcrübəsi nəzərə alınmaqla peşə thsili müəssisələrinin maliyyələşmə mexanizmi ardıcıl şəkildə təkmilləşdirilir. İndiyədək 8 mindən artıq tələbənin təhsili yeni mexanizm vasitəsilə maliyyələşdirilib. Bu prosesin 2026-cı ilədə 12 min tələbəni əhatə edəcəyi gözlənilir. O cümlədən peşə təhsil müəssisələrində təlim və tədris prosesini aparan müəllimlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi də müzakirə olunan məsələlər sırasındadır. Bütün bunlar isə peşə təhsili üzrə kompleks yanaşmanı özündə ehtiva edən yeni konsepsiyanın hazırlanmasının zəruriliyini gündəmə gətirib.
STEAM, “Rəqəmsal bacarıqlar” layihələri
Son illərdə Azərbaycan təhsil strategiyasının hədəflərindən biri də təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkilməsidir. Bu sahədə atılan addımlardan biri də hazırda uğurla reallaşdırılan STEAM, “Rəqəmsal bacarıqlar” layihələridir ki, bu layihələrdə iştirak şagirdlərdə ən müasir yeniliklərə dair innovativ bacarıqları ortaya çıxarmaqla nəzəri bilikləri praktik vərdişə çevirməkdə, rəqəmsallaşan dünyada peşəkar mütəxəssis kimi yetişmədə müstəsna rol oynayır. 2024-2025-ci tədris ilində STEAM əsaslı tədris 400-dək ümumi təhsil müəssisəsində, ümumilikdə, 264 mindən çox şagirdi əhatə edib, 2026-cı ilin sonuna bu sayın 280 min nəfərə çatdırılması planlaşdırılır. STEAM layihəsinin 2025-2026-cı tədris ilində əlavə olaraq 7 yeni ümumi təhsil müəssisəsində də tətbiqi nəzərdə tutulur. Nəticədə, layihənin ümumi əhatə dairəsi 405 məktəbə çataraq, ümumilikdə, 300 000 şagirdi əhatə etməsi gözlənilir. Eyni zamanda, layihənin yeni tədris ilindən ilk dəfə olaraq 3-cü siniflərdə də tətbiqinə başlanılacaq.
“Rəqəmsal bacarıqlar” layihəsi isə 2017-2018-ci tədris ilindən tətbiq edilir. Layihə 2023-2024-cü tədris ilində 531 ümumi təhsil müəssisəsində 400 000-dən çox şagirdi əhatə edib. 2024-2025-ci tədris ilindən daha 230 məktəb layihəyə qoşulub. Ümumilikdə isə layihəyə yeni qoşulacaq məktəblərdə şagird sayı 100 000-dən çoxdur. 2024-2025-ci tədris ilində layihə 762 məktəb üzrə 510 min şagirdi əhatə edib. “Rəqəmsal bacarıqlar”ın 2025-2026-cı tədris ilində əlavə 29 ümumi təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Bununla da layihənin, ümumilikdə, 773 məktəb və 530 000 şagirdi əhatə etməsi gözlənilir.
Mübariz FEYİZLİ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.