MLS təmsilçisi "Kolambus Kru" ("Columbus crew") klubu ilə müqavilə bağlayan Nəriman Axundzadə hələ ki, Azərbaycanı tərk etməyib.
QOL.az-ın xəbərinə görə, buna səbəb onun hələlik ABŞ-a işgüzar viza ala bilməməsidir. Axundzadə bu səbəbdən yeni komandasının düşərgəsinə qoşula bilməyib.
Fiziki formasını itirməməsi üçün isə 21 yaşlı futbolçu hazırlıqlarından geri qalmır. O, sabiq klubu “Qarabağ” komandası ilə məşqlər edir.
Qeyd edək ki, MLS-də yeni mövsüm fevralın 22-də start götürüb. "Kolambus Kru” ilk turda “Portland Timbers”ə uduzub (2:3). Martın 1-də isə onlar 2-ci turda “Sportinq”lə qarşılaşacaqlar.