“Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” haqqında Sərəncam sadəcə növbəti dövlət proqramı deyil. Bu sənəd faktiki olaraq Azərbaycanın yeni iqtisadi modelinin konturlarını müəyyənləşdirən strateji yol xəritəsidir”.
Bunu Ölkə.az-a açıqlamasında Tahir Mirkişili deyib.
Deputat bildirib ki, bu qərar “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirənin praktik nəticəsi kimi meydana çıxıb və ölkənin rəqəmsal transformasiya mərhələsində yeni dövrün başlandığını göstərir:
Elektron hökumətdən innovasiya iqtisadiyyatına keçid
“2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı texnoloji sənəd olmaqdan daha artıq məna daşıyır. Çünki sənədin mərkəzində təkcə rəqəmsal xidmətlərin genişləndirilməsi deyil, dövlət idarəetməsinin struktur transformasiyası və iqtisadi modelin yenidən qurulması dayanır.
Bu plan göstərir ki, rəqəmsallaşma artıq yalnız elektron xidmət platformalarının genişlənməsi deyil, milli rəqabət qabiliyyətinin əsas alətinə çevrilir. Dövlət idarəetməsində data əsaslı qərarvermə, süni intellektin tətbiqi, rəqəmsal iqtisadiyyatın payının artırılması və innovasiya ekosisteminin gücləndirilməsi strateji prioritet kimi müəyyənləşdirilir.
Yeni iqtisadi arxitektura formalaşır
Fəaliyyət Planı Azərbaycanın iqtisadi strukturunda keyfiyyət dəyişikliyi yaratmağı hədəfləyir. Bu sənəd dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, idarəetmədə şəffaflıq və operativliyin artırılması, startap və innovasiya mühitinin genişləndirilməsi, rəqəmsal bacarıqların milli səviyyədə inkişafı, qlobal rəqəmsal iqtisadi sistemə inteqrasiyanın dərinləşdirilməsi kimi istiqamətləri vahid konsepsiya altında birləşdirir.
Bu isə o deməkdir ki, Azərbaycan artıq post-neft mərhələsində rəqəmsal kapitala əsaslanan iqtisadi modelə keçidi sürətləndirir”.
Gələcək çağırışlara strateji cavab
Deputat əlavə edib ki, qlobal iqtisadiyyatda süni intellekt, böyük data və rəqəmsal platformalar yeni güc mərkəzləri formalaşdırır: “Bu kontekstdə qəbul edilən sənəd Azərbaycanın gələcək inkişaf hədəflərinə uyğun çevik və davamlı idarəetmə mexanizmi qurmaq məqsədi daşıyır.
Rəqəmsal transformasiya yalnız texnologiya məsələsi deyil, həm milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və beynəlxalq rəqabət qabiliyyəti məsələsidir. Yeni Fəaliyyət Planı məhz bu strateji reallığı nəzərə alaraq hazırlanıb.
Nəticə etibarilə, bu Sərəncam Azərbaycan üçün yeni mərhələyə rəqəmsal idarəetmədən rəqəmsal iqtisadi gücə keçid mərhələsinin başlanğıcıdır.
Bu sənəd ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas sütunlardan birinə çevrilir və Azərbaycanı regionda rəqəmsal transformasiyanın aparıcı aktoruna çevirmək ambisiyasını ortaya qoyur”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта