RU

Erkən nikah hallarının tam aradan qaldırılmamasının səbəbi nədir? - SOSİOLOQ DANIŞDI

"Erkən nikah hallarının tam aradan qaldırılmamasının səbəbləri çoxşaxəlidir və bu məsələ təkcə hüquqi deyil, eyni zamanda sosial, psixoloji və mədəni faktorlarla bağlıdır. Doğrudur ki, əvvəlki illərlə müqayisədə erkən nikahların sayı xeyli azalmışdır. Lakin buna baxmayaraq, xüsusilə bəzi rayon və bölgələrdə bu hallara hələ də rast gəlinir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Bu isə göstərir ki, problemin kökləri yalnız qanunlarla deyil, daha dərin ictimai düşüncə və ənənələrlə bağlıdır. Əsas səbəblərdən biri cəmiyyətin müəyyən hissəsində formalaşmış köhnə mental düşüncənin hələ də tam dəyişməməsidir. Bəzi ailələr erkən evliliyi sosial norma kimi qəbul edir və bunu qız övladının “təhlükəsizliyi” və ya “gələcəyinin təminatı” kimi qiymətləndirirlər. Xüsusilə kənd və regionlarda bu yanaşma daha çox müşahidə olunur. Halbuki müasir dövrdə erkən evlilik gənclərin təhsil, karyera və şəxsi inkişaf imkanlarını məhdudlaşdıran ciddi sosial problemdir.

Bəzi insanlar İslam dinində həddi-buluğa çatma yaşının 18-dən daha tez baş verməsini əsas gətirərək erkən nikahı normal sayırlar. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hüquqi və demokratik dövlətdir və ölkədə nikah yaşı qanunla 18 yaş olaraq müəyyən edilib. Qanunvericiliyə görə bu yaşdan əvvəl evlilik halları qanunsuz sayılır və məsuliyyət doğurur.

Erkən nikahların davam etməsinin digər mühüm səbəbi psixoloji yetkinlik məsələsidir. Bioloji böyümə ilə psixoloji və sosial yetkinlik eyni anlayış deyil. 16-17 yaşında olan bir gənc bioloji olaraq yetkin sayılsa belə, ailə həyatının məsuliyyətini daşımağa psixoloji cəhətdən hazır olmaya bilər. Erkən yaşda qurulan ailələrdə tərəflər tez-tez klassik ailə problemləri ilə üzləşirlər. Xüsusilə geniş ailə mühitində yaşamaq, qaynana, qohum münasibətləri və sosial təzyiqlər gənc xanımlar üçün əlavə psixoloji yük yaradır. Bu isə ailədaxili münaqişələrin artmasına və nəticədə boşanmalara gətirib çıxarır.

Statistik göstəricilər də sübut edir ki, erkən yaşda qurulan nikahların əhəmiyyətli bir hissəsi uzunömürlü olmur. Keçmiş dövrlərdə ailələr sosial təzyiq səbəbilə boşanmağa meyilli olmasalar da, bu gün gənclər daha fərqli düşünür və psixoloji dözümlülük səviyyəsi dəyişib. Müasir gənclərin bir qismi hətta 18 yaşında belə evliliyə tam hazır olmadıqlarını etiraf edirlər. Bu da erkən nikahların sosial risklərini daha da artırır.

Bəzi valideynlərin yanlış düşüncələri də problemin davam etməsinə təsir edir. Məsələn, “oğlumu tez evləndirsəm, pis vərdişlərdən uzaq olar” kimi stereotiplər hələ də mövcuddur. Bu yanaşma nəticəsində valideynlər erkən nişan və evlilik təşəbbüsləri göstərir, bu isə dolayısı ilə azyaşlı qızların da erkən ailə qurmasına səbəb olur. Halbuki evlilik tərbiyə vasitəsi deyil və gəncin şəxsi formalaşma prosesini əvəz edə bilməz.

Onu da qeyd edim ki,erkən nikahların tam aradan qaldırılması üçün yalnız qanunların mövcudluğu kifayət deyil. Maarifləndirmə işlərinin gücləndirilməsi, valideynlərin və gənclərin psixoloji hazırlığı, təhsilin təşviqi və cəmiyyətin mental transformasiyası əsas rol oynayır. Valideynlər anlamalıdırlar ki, sağlam ailənin təməli yalnız bioloji deyil, eyni zamanda psixoloji və sosial yetkinlik üzərində qurulmalıdır. Erkən yaşda evlilik isə çox zaman yeni sosial problemlərə - təhsildən yayınma, ailədaxili münaqişələr və boşanma hallarının artmasına yol açır. Buna görə də müasir cəmiyyətin prioriteti gənclərin yetkin,imanlı,mənəviyyatlı,savadlı və məsuliyyətli şəkildə ailə qurmasına şərait yaratmaq olmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
8
1
sia.az

2Источники