RU

“Susmayan həqiqətlər” sərgisinin açılış mərasimi keçirilib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ombudsmandan məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Ombudsman Səbinə Əliyeva çıxış edərək, “Susmayan həqiqətlər” sərgisinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müvəkkil 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə dinc insanın yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını qeyd edib. Ombudsman bu hadisələrin beynəlxalq hüquqa əsasən sülh və insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri - soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər. Çıxışlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından bəhs edilib. Bildirilib ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqları kobud şəkildə pozulub.

Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova Ombudsman Səbinə Əliyevanın ön sözünün müəllifi olduğu “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı barədə ətraflı məlumat verib. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların qeyd edildiyini bildirib.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materiallar, həmçinin tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət edir.

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına, insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir və sərgi 31 mart tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Избранный
7
7
turkic.world

8Источники