RU

Qurban Qurbanovun oğluna görə kimlərdən çəkinir?

Oğul atanın köməyinə gəldi. Ötən tur olduğu kimi.
Musa Qurbanlı «İmişli» ilə matçda 10 nəfərlə qalan «Qarabağ»a bir dəqiq baş zərbəsiylə 3 xal qazandırmışdı. Dünən isə o, komandasını «Sabah»a məğlubiyyətdən qurtardı.
Musa bununla bütün tənqidlərə cavab verdi. Ona görə Qurban Qurbanova yönəlmiş iradları yerlə bir etdi.
Belə oğulu kim bəyənməz və istəməz ki? Qurban Qurbanov onunla fəxr edə, qürurlana bilər. Çünki bu, Musanın ilk qəhrəmanlığı ilə deyil. «Ferentsvaroş»la Çempionlar Liqasının pley-off mərhələsinin birinci oyununu xatırlayaq. 23 yaşlı hücumçu Macarıstanda keçirilən görüşdə hesabı 3:1 etməsəydi, «Qarabağ» tarixində ikinci dəfə qitənin bir nömrəli yarışmasının əsas mərhələsinə vəsiqə qazanmayacaqdı.
Musanın son həftələrdəki yüksələn performansı Nəriman Axundzadəni daha tez unutdurdu «Qarabağ» fanatlarına. İndi bəlkə də çoxlarının yadına düşmür ki, Ramil Şeydayev də var və o, öz növbəsini gözləyir. Bu gedişlə Şeydayev çox gözləməyəcək, iyunda düşərgədən birdəfəlik ayrılacaq.
Qurbanov, adətən, oğlunun xidmətindən Pıremyer Liqa və kubok matçlarında yararlanır. ÇL-də ona 5-10 dəqiqə şans tanıdı, ya tanımadı. Məncə, baş məşqçi övladına münasibətdə o qədər də ədalətli davranmır. Yəqin ki, söz-söhbətdən çəkinir yenə. Hansısa ağzıgöyçəyin efirə, mətbuata çıxıb Musayla bağlı hədyan danışmasından, sosial şəbəkədə vay-şüvən etməsindən, tərəfkeşlik etməsindən ehtiyatlanır.
Nahaq yerə. Musa artıq uşaq deyil, təcrübəsiz deyil. «Qarabağ»a yararlı olduğunu dəfələrlə sübuta yetirib. Həmin dönəmlər artıq çoxdan geridə qalıb, gərək Qurbanov oğluna yanaşmasında kompleksli davranışdan əl çəksin, bir hücumçu kimi keyfiyyətlərini nümayiş etdirməsinə şərait yaratsın.
Belə də ki, biz Azərbaycanda yaşayırıq, söz-söhbətlərin arası heç vaxt kəsilməyəcək. Şər-şəbədəni özünə sənət seçənlər həmişə olub və yenə olacaq. Qurban Qurbanov onların daşı ətəyindən tökməsini gözləməsin, arada itirən Musa kimi növbətçi hücumçu olacaq.

KAMİL

Избранный
5
sportinfo.az

1Источники